“Neftçi”nin icraçı direktoru ECA-nın sessiyasında iştirak edib
Almaniyanın Münxen şəhərində Avropa Klublar Assosiasiyasının (ECA) “Klub idarəetmə proqramı”nın ilk sessiyası təşkil olunub.

Qitənin məşhur stadionlarından hesab olunan “Alyans Arena”da baş tutmuş sessiyada klublarda rəhbərlik və idarəetmə strategiyası əsas mövzu olub. ECA-nın “Marketinq və Kommunikasiya üzrə İşçi Qrupu”nun üzvü, “Neftçi” klubunun icraçı direktoru Elnur Məmmədovun da dəvət olunduğu tədbirdə Avropanın 29 futbol assosiasiyasından, ümumilikdə 40 təmsilçi iştirak edib.

Görüşün ilk günü ECA-nın sədri Karl-Haynz Rummenige və qurumun baş katibi Mişel Centenaro proqramın məqsədləri haqqında geniş məlumat veriblər. Daha sonra iştirakçılar “Klub idarəetmə proqramı”nın meneceri Olivye Yaroşun təqdimatında layihənin tərkibi ilə ətraflı tanış olublar.

Tədbirdə ECA-ya üzv klublardan - “Bazel”in nümayəndəsi Bernard Hasler, “Mançester Siti”nin icraçı direktoru Ferran Soriano, “Brügge”nin sədri Bart Verhage və başqaları mühazirələrində futbol təsərrüfatı haqqında təcrübələrini iştirakçılarla bölüşüb və bu mövzuda qrup müzakirələri təşkil olunub.

Seminarın sonunda iştirakçılar üçün “Alyans Arena” stadionunda tur təşkil edilib.

Qeyd edək ki, klub idarəetməsinin müxtəlif sahələrinə dair biliklərin qazanılması məqsədi ilə keçirilən proqramın icrası hər biri 2 gündən ibarət olmaqla 6 seminara bölünüb. “Klub idarəetmə proqramı”nın növbəti seminarı martın 22-23-də Fransanın Lion şəhərində keçiriləcək.

Xəbər 658 dəfə oxundu.