Yaşar Bəşirov: «Minimum 5 medal qazanacağımıza əminəm»
«Azərbaycanda ilk dəfə yeniyetmə və gənc karateçilər arasında Avropa çempionatı keçiriləcək». İdman.com.az saytının məlumatına görə, bu sözü «Avropa» mehmanxanasında baş tutmuş mətbuat konfransında Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov deyib. Mütəxəssis bilidirb ki, artıq 40-dan çox ölkənin 700-dək idmançısı paytaxtımızdadır. Sitat:

«Bildiyiniz kimi, WKF növü dünya karatesində ən nüfuzlu 2-3 versiyadan biridir. Azərbaycan bu proqramda liderlər cərgəsindədir. 4-qat dünya və 10-qat Avropa çempionu Rəfael Ağayevin nəticəsi təkrarolunmaz qalır. Avropada hökm sürən əlverişsiz hava şəraitinə baxmayaraq, iştirakçı ölkələrin davamiyyətində azlıq yoxdur. Gələn qonaqlar sırasında Dünya Karate Federasiyasının prezidenti Antonio Espinos da olacaq. Ümumiyyətlə, bu tədbirin yüksək səviyyədə keçiriləcəyinə inanıram».

Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan Y.Bəşirov qeyd edib ki, idmançılarımız bu yarışa yaxşı hazırlaşıblar: «Milli komandalarımız 3 aydır “Sərhədçi” Olimpiya-İdman Mərkəzində məşqlər edir. İdmançılarımız döyüş təcrübəsini yaxşılaşdırmaq üçün İsveçrə və Fransada beynəlxalq turnirlərdə iştirak ediblər. Bu birincilikdə minimum 5 medal qazanacağımıza əminəm».

Qeyd edək ki, yeniyetmə və gənc karateçilər arasında Avropa çempionatı sabah start götürəcək. Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil olunacaq yarış 3 gün davam edəcək. İdmançılar kumite və kata proqramlarında çıxış edəcəklər.

KAMRAN

Xəbər 1668 dəfə oxundu.