Əvəzedicilərimizin təlim-məşq toplanışı davam edir
“Neftçi” PFK-nın əvəzediciləri milli komandanın Mərdəkanda yerləşən məşq mərkəzində hazırlığını davam etdirir. Komandamızın dünənki səhər məşqi “Dalğa Arena”nın ehtiyat meydançasında baş tutub. Əsasən taktiki tapşırıqlar üzərində qurulmuş məşq ikitərəfli oyunla yekunlaşıb.

Pilağa Mehtiyev: “Hamı səylə çalışır, çempionatın üçüncü dövrəsinə hazırlaşır. Məşqlərimiz gündə iki dəfə “Dalğa Arena”nın ehtiyat meydançasında olur. Hər şey yaxşıdır. Sağ olsunlar, məşqçilər bizi həm fiziki, həm taktiki cəhətdən üçüncü dövrəyə hazırlayırlar. Komandada əhval-ruhiyyə yaxşıdır, inşallah, çempion olmağı düşünürük. Bunun üçün də burda əziyyət çəkirik ki, çempionatda bizə rahat olsun”.

Hazırlığın yeddinci günü əvəzedicilərimiz təkcə məşqlə kifayətlənməyiblər. Günorta saatlarında təşkil olunmuş tədbirdə hakimlər gənc futbolçularımıza oyun və meydançada davranış qaydaları haqqında ətraflı məlumat veriblər. AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov komandamızın üzvlərinin meydançada daha sıx üzləşdikləri vəziyyətlərlə və qayda pozuntuları ilə bağlı suallarını cavablandırıb.
Tədbirdən sonra baş məşqçi Tofiq Mustafayev Neftçi TV-yə açıqlama verib. Təcrübəli mütəxəssis belə görüşlərin təşkilinin gənc futbolçular üçün faydalı olduğunu deyib: “Əvvəla, bütün uşaqlar oyun qaydalarını bilməlidirlər. İkincisi, meydançada xoşagəlməz hadisələrin olmamağına, hakimlər tərəfindən cəzalanmamalarına görə hakimlərin mühazirəsi onlara çox xeyir verəcək, belə görüşlər futbolçulara gələcəkdə kömək eləyəcək. Təlim-məşq prosesi həmişə çox ağır keçir. Gündə iki məşqdir, yüklənmələr ağırdır. Güc dözümlülüyü ilə başladıq, sonra sürətli oyuna keçdik. Get-gedə məqşin davamiyyəti azalır, intensivliyi artır. Əvəzedici heyətin əsas məqsədi əsas komandaya oyunçu hazırlamaqdır. Əlbəttə, nəticə olanda futbolçularda qələbə ruhu olur. Futbolçuda qələbə ruhunun olması böyük keyfiyyətdir”.

Qeyd edək ki, yanvarın 24-də 10 günlük təlim-məşq toplanışına yekun vurulacaq əvəzedicilərimiz bu gün sonuncu yoxlama oyununu keçirib. Komandamız “İnter”in əvəzedici heyəti ilə qarşılaşıb. 3:1 hesabı ilə qələbə qazanmış “Neftçi”nin qollarından ikisini Bilal Qəmbərov vurub. Ömər Buludov isə bir dəfə fərqlənib.

Xəbər 592 dəfə oxundu.