Azərbaycan cüdoçusu Orxan Səfərov Havana Qran-prisində millimizə ilk medalı qazandırıb
Kubanın paytaxtı Havanada cüdo üzrə Qran-Pri yarışları davam edir.

Yarışın ilk günündə cüdo üzrə Azərbaycan milli komandasının üç üzvü qüvvəsini sınayıb. Turnirdə 60 kiloqram çəki dərəcəsində çıxış edən Orxan Səfərov mübarizəyə ikinci mərhələdən qoşulub. Avstriya təmsilçisi Lüdviq Peyşer və monqolustanlı Tsoqtbaatar Tsendoçiri məğlub edən O.Səfərov dörddəbir finala yüksəlib. Böyük Britaniya idmançısı Eşli Makkenziyə qalib gələn cüdoçumuz yarımfinalda braziliyalı Erik Takabatakeyə uduzaraq bürünc medal uğrunda Özbəkistan təmsilçisi Şarafuddin Lütfillayev ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada O.Səfərov rəqibindən üstün olub və Havana Qran-prisində millimizin aktivinə ilk medalı yazdırıb.

Digər iki cüdoçumuz – İlqar Müşkiyev (60 kq) və Tərlan Kərimov (66 kq) mübarizəni erkən dayandırıb.

Xəbər 822 dəfə oxundu.