50 ildən sonra Tofiq Bəhramovun haqlı olduğu təsdiqlənir
Top qapı xəttini keçmişdi

Futbolun banisi ingilislərin bu növ üzrə planetin ən nüfuzlu turnirində yeganə qələbəsindən 50 il ötür. Kraliçanın futbolsevər təbəələri bu hadisəyə indidən xüsusi təmtəraqla hazırlaşırlar.

Böyük Britaniyanın məşhur "Skay Sports" ("Sky Sports") televiziya kanalı yanvarın 4-də "Skay Sports Mandi Nayt Futbol" ("Sky Sports Monday Night Football") verilişində mundialdakı qələbənin əlli illiyinə həsr olunmuş ilk xüsusi layihəsini həyata keçirib. Futbol ekspertləri - "Liverpul"un və İngiltərə millisinin keçmiş futbolçusu Ceymi Karrager və Ed Çemberlen statistika və kompüter qrafikası əsasında Almaniya ilə final matçının oyun elementlərini, o cümlədən futbolçuların hərəkətlərini təhlil edərək qiymətləndirməyə çalışıblar.

Xüsusi proqramda həmin möhtəşəm matçın qəhrəmanları - qapıçı Qordon Benks və üç qolun müəllifi Ceffri Hörstlə müsahibə də yayımlanıb. Söz yox ki, əsas diqqət matçın taleyini həll edən qola yönəlib. Hörstün körlinqvari zərbəsindən sonra qapı tirinə dəyən top xətdən içəri düşərək, kənara çıxmışdı.

Əlbəttə, Azərbaycanda bu epizod heç vaxt unudulmur. Axı, həmin anın əsas qəhrəmanı məhz həmvətənimiz Tofiq Bəhramov olub. Azərbaycanlı meydanda ədalət keşikçisi - yan xətt hakimi olub. Məhz onun qətiyyəti sayəsində referi Qotfrid Dinst qolu hesaba alıb və mərkəzi göstərib. Görüş isə əlavə vaxtda 4:2 hesabı ilə başa çatıb.

Bu hadisə hələ də dünya idmanının ən çox müzakirə olunan mövzusudur və ötən il keçirilən sorğu da bunu təsdiq edib. Telekanal yubiley ərəfəsində həqiqəti araşdırmaq qərarına gəlib və ən müasir texnologiyaların imkanından istifadə edərək, "3-cü qol zamanı top qapı xəttini keçmişdimi?" sualına cavab axtarmağa çalışıb.

Əsas məqam yetişəndə telekanal "EA Sports" texnologiyalar əsasında "Opta" məlumat bazasında həmin epizodun real zaman rejimində virtual təsvirini canlandırıb. Nou-hau texnologiyaları da Tofiq Bəhramovun qərarını təsdiqləyib. Bu baradə ekspert kimi çıxış etdiyi "Sportsmeyl" ("Sportsmail") nəşrindəki güşəsində də bəhs edən Karrager, uşaqlıqdan bu oyunla bağlı söz-söhbətlər onu da yaxından maraqlandırdığını xüsusi qeyd edib.

- Ola bilər ki, o, epizodu dəyərləndirmək və doğru qərar vermək üçün ideal mövqedə dayanmamışdı, lakin onun qərarının doğruluğu bundan sonra əbədi olaraq qəbul edilməlidir, - deyə Karrager bildirib ki, açıqdan-açığa topun qapı xəttini 2-3 inç keçdiyi əyani görünür, - almanlar daha həqiqəti qəbul etməli və hakimdən şikayət etməməlidirlər.

BATI YAR

Xəbər 1676 dəfə oxundu.