“Olimpiya Hərəkatı” proqramı çərçivəsində basketbol üzrə təlim-məşq keçirilib
Bu gün Yasamal rayonundakı 18 nömrəli məktəbdə “Olimpiya Hərəkatı” proqramı çərçivəsində finala vəsiqə qazanan komandalar üçün basketbol üzrə təlim-məşq keçirilib.

Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi “Olimpiya Hərəkatı” proqramı çərçivəsində məktəblilər üçün basketbol 3x3 idman növü üzrə təlim-məşq təşkil olunub.

Kütləvi idman tədbirinin keçirilməsində əsas məqsəd basketbol 3x3 idman növü üzrə Bakı birinciliyinin final mərhələsinə vəsiqə qazanan 12 rayon komandasının yarışa hazırlığına dəstək olmaqdan ibarətdir.

Gənc basketbolçulara kömək məqsədilə onlara bu idman növünün sirlərini daha dərindən öyrətmək üçün "Coca-Cola Azərbaycan şirkətinin baş meneceri Cem Becel, basketbol üzrə milli yığma komandasının üzvü, proqramın ulduz idmançısı Amil Həmzəyev və Azərbaycan Basketbol Federasiyasının baş məşqçisi Tahir Baxşıyev bir araya gəliblər.

Tədbiri daha maraqlı etmək və uşaqları bu idman növünə həvəsləndirmək məqsədilə tədbirə yeniyetmələrdən ibarət milli yığma komandanın üzvləri də qatılıblar.

Xəbər 945 dəfə oxundu.