Yenə Natalya Məmmədova!
Qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında “Rabitə” (Azərbaycan) – “Atom” (Polşa) cütünün ən güclüsü müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, görüşün bombardiri adını Bakı təmsilçisinin kapitanı Natalya Məmmədova qazanıb.

O, cütün taleyinin “qızıl set”də həll olunduğu görüşdə komandasına 24 xal qazandırıb. Ölkə çempionun digər voleybolçusu – Nataşa Osmokroviç 20, Nataşa Krsmanoviç 15, Sanya Staroviç 13, Mira Qoluboviç 7 və Meri Spayser 2 xala seviniblər.

Qeyd edək ki, səfərdə 1:3 hesabı ilə uduzan “Rabitə” Bakıda eyni hesabla qələbə qazanıb. “qızıl set”də isə voleybolçularımız 15:6 hesabı ilə qalib gəliblər.

Xəbər 1216 dəfə oxundu.