“Natalyanın geri çəkilməsi planlarımızı pozdu
”““Rabitə”ni təbrik edirəm. Ötən oyunla müqayisədə, çox yaxşı çıxış etdilər, kollektiv oyun göstərdilər”. İdman.com.az saytının məlumatına görə, bunu “Atom” voleybol klubunun baş məşqçisi Alessandro Çiappini deyib. İtaliyalı mütəxəssis Avropa Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında və “qızıl set”də Bakının “Rabitə” komandasına məğlubiyyəti şərh edib. O bildirib ki, ilk oyunda qələbə qazansalar da, bunun ardını gətirə bilməyiblər:

“Öz komandamı da təbrik etmək istəyirəm. Bu oyun bizim üçün ağır oldu. Voleybolçularım da layiqli oynadılar, sona kimi mübarizə apardılar. Amma “Rabitə” bu gün ən yaxşı oyunlarından birini göstərdi. Düzdür, ilk hissədə biz fərqləndik. Lakin ikinci setdə baş məşqçi Natalya Məmmədovanı geri çəkdi. Belədə, planlarımız dəyişdi, problemlər yarandı. Düzü, “Rabitə” layiqli qələbə qazandı. Onlara növbəti mərhələlərdə uğurlar arzulayıram”.

Qeyd edək ki, cavab matçında 3:1 hesabı ilə qalib gələn “Rabitə” “qızıl set”də 15:6 hesablı qələbəyə sevinib.

Xəbər 953 dəfə oxundu.