Bakı tam gücü ilə Formula 1 yarışına ev sahibliyinə hazırlaşır
Formula 1 Avropa Qran Prisinə 5 ay qalıb

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ötən müddət ərzində müxtəlif istiqamətdə bir sıra işlər həyata keçirib. Artıq bir aydır ki, bilet satışları uğurla davam edir. Ötən müddət ərzində yarışa xüsusən xaricdən böyük maraq qeydə alınıb. Bugünədək satılan biletlərin 65%-i xarici bazarın payına düşüb. Rusiya, İngiltərə, Ukrayna, Niderland Krallığı və Finlandiyadan olan Formula 1 həvəskarları bilet alışında böyük fəallıq nümayiş etdiriblər.

Avropa Qran Prisini Bakıda canlı izləmək istəyən tamaşaçılara müxtəlif qiymətdə və çeşiddə 30 minə yaxın bilet təklif olunur. Formula 1 həvəskarları, start-finiş xəttini yaxından izləmək imkanı verən “Abşeron” tribunası və digər tribunalarla yanaşı trek boyunca düzünə və döngələrdə təşkil olunmuş ayaqüstü zonalara aid fərqli bilet paketlərindən istədiklərini ala biləcəklər. Azərbaycan vətəndaşlarına biletlərin qiymətində 20 %-dən 40 %-dək endirimlər nəzərdə tutulub. Ətraflı məlumatı rəsmi internet səhifəmizdən www.tickets.bakucitycircuit.com əldə edə bilərsiniz.
BŞH-nin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Arpadarai, Azərbaycanda ilk dəfə keçiriləcək Formula 1 yarışını həm şəhər sakinləri, həm də xaricdən gələcək turistlər üçün yadda qalan etmək və yarış ərəfəsində Bakıda festival ab-havası yaratmaq məqsədilə əməliyyat şirkətinin bütün imkanları səfərbər etdiyini dedi: “Cümə, şənbə və bazar günlərindən ibarət olan yarış həftəsonu zamanı yarışı izləməyə gələn tamaşaçılar Bakının dənizkənarı bulvarında qurulacaq Formula 1 şəhərciyində gözəl vaxt keçirə biləcəklər. Biz burada müxtəlif yaş qrupları üçün fərqli əyləncə tədbirləri, o cümlədən yerli və xarici estrada ulduzlarının iştirakı ilə konsert proqramları təşkil edəcəyik. İsti yay günlərində həftəsonunu ailəsi ilə birgə keçirmək istəyənlər üçün burada əvəzolunmaz imkanlar olacaq.”

İşçi heyətinin qurulması artıq yekunlaşmaq üzrədir

BŞH artıq yarış üçün gərəkli olan daimi işçi heyətinin böyük əksəriyyətini işə cəlb edib. Yerli mütəxəssislərlə yanaşı xaricilər də yarışın təşkilatçılığında yaxından iştirak edirlər. Şirkət növbəti aylarda müvəqqəti işçilərin qəbuluna başlayacaq və işçi heyətinin ümumilikdə 250 nəfərə çatdırılması nəzərdə tutulub.

Formula 1 kimi mötəbər tədbirin uğurla həyata keçirilməsi üçün yarış vaxtı qonaqları qəbul etmək, idman sahəsində işləmək və ya media üzvlərinə və fəxri qonaqlara kömək göstərmək kimi müxtəlif vəzifələrdə çalışacaq 5 mindən çox könüllü tələb olunur. Könüllü olaraq çalışmaq və yarış həyəcanını yaxından yaşamaq istəyən gənclər üçün əməliyyat şirkəti dekabr ayında “Könüllülər” proqramına start verib. Ötən bir ay ərzində proqrama maraq böyük olub və indiyədək 5 minə yaxın könüllü bu proqrama qeydiyyatdan keçib.

Formula 1 yarışının həyəcanı və coşğusunu yaşamaq imkanı verən “Marşal” proqramına isə indiyədək 350-ə yaxın müraciət olub. Ümumilikdə 1000-ə yaxın marşalın cəlb olunmasını nəzərdə tutan proqram könüllülük prinsipinə əsaslanır. Əməliyyat şirkəti bu istiqamətdə Azərbaycan Avtomobil Federasiyası ilə əməkdaşlıq edir. Eyni zamanda Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi və bir sıra digər əlaqədar dövlət qurumları yarışa hərtərəfli hazırlıq işlərinin görülməsində BŞH-ə yaxından dəstək göstərirlər. Bundan başqa, Bəhreyn Avtomobil Federasiyası ilə qurulmuş tərəfdaşlıq çərçivəsində yerli marşallara xüsusi təlimlər keçirilir və bu ölkənin marşallıq təcrübəsi öyrənilir.
Avropa Qran Prisi barəsində hərtərəfli maarifləndirmə işləri davam edir
Ötən ay ərzində BŞH, rəsmi saytını istifadəyə verib və bir sıra sosial şəbəkələrdə səhifələr açaraq yarış haqqında yenilikləri ictimaiyyətə çatdırmağa çalışır. 2016-cı il Formula 1 Avropa Qran Prisi haqqında son məlumatları bu səhifələrlərdən əldə edə bilərsiniz:

www.twitter.com/BakuCityCircuit
www.facebook.com/BakuCityCircuit
www.instagram.com/BakuCityCircuit

Yaxın müddət ərzində Vkontakte, Odnoklassniki, Pinterest və Tumblr sosial şəbəkələrində şirkət adına səhifələr açılaraq buradan da ictimaiyyətə son yeniliklər haqda məlumatlar veriləcək.

2016 Formula 1 Avropa Qran Prisinin rəsmi proqramı*

Formula 1 Avropa Qran Prisi 17-19 iyun 2016-cı il tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutacaq:
Cümə (17.06.2016)
QP2 yarışları – Məşq sessiyası
Formula 1 – Birinci məşq sessiyasi
Formula 1 – İkinci məşq sessiyası
QP2 yarışları – Təsnifat sessiyası
Şənbə (18.06.2016)
QP2 yarışları – Birinci yarış
Formula 1 – Üçüncü məşq sessiyası
Formula 1 – Təsnifat sessiyası
Bazar (19.06.2016)
QP2 yarışları – İkinci yarış
2016-cı il Formula 1 Avropa Qran Prisi

*Rəsmi Yarış Proqramı dəyişə bilər. Son yeniliklərdən xəbərdar olmaq üçün rəsmi internet səhifəmizi izləyin: www.bakucitycircuit.com

Xəbər 1038 dəfə oxundu.