Bu, seçilmişlərin deyil, inadkar və cəsarətlilərin yoludur
Artıq 2015-ci il tarixə qovuşdu. Ötən il idmançılarımız bir çox uğurlara imza atdılar. Əldə olunan qələbələr və medallar onların nə dərəcədə yüksək potensialı olduğunu göstərdi. Bu yolda yalnız inadkarlıq və cəsarət göstərənlər qələbə qazandı, çünki uğura gedən yol seçilmişlər üçün deyil, inadkar və cəsarətlilər üçündür. Bəzən belə hesab edənlər də olur ki, az əmək sərf etməklə uğura sahib olmaq mümkündür. “Mən həyatın mənasını yorulmadan işləməkdə və çətinliklərlə döyüşməkdə görürəm” – deyən rus yazıçısı Aleksandr Belkinlə razılaşmamaq olmur. Hər bir uğurun arxasında tikanlı yollar və keçilməsi asan olmayan sədlər dayanır.

Meydanda inamla mübarizə aparmayan, yalnız bir məqsəd üçün vuruşmayan idmançı qalib gələ bilməz. İdmançılarımız Rio-2016-da iştirak etmək hüququnu qazanmaq üçün gərgin mübarizə aparırlar. Bir çoxları dözümü və şücaəti sayəsində bu oyunlarda iştirak üçün lisenziya əldə edib. Belə lisenziya sahiblərindən biri də təcrübəli yunan-Roma güləşçisi, ikiqat Olimpiya mükafatçısı və Avropa çempionu, dünya çempionatının qızıl medalçısı Rövşən Bayramovdur.

Qələbələri həmişə ürək açan olur. Sofiya və Tamperedəki Avropa çempionatları və İstanbulda keçirilən dünya çempionatındakı çıxışlarında bütün gücünü və qüvvəsini toplayaraq, fəxri kürsünün yüksək pilləsini fəth edib. Əsl cəsarətlilik nümunələrindən biri 2008-ci ildə Finlandiyanın Tampere şəhərində keçirilən Avropa çempionatının finalında erməni güləşçi Roman Aloyan üzərində qələbə ilə, ikinci dəfə Avropa çempionu adına layiq görülməsini hesab etmək olar. Bunu karyerasının ən böyük zəfəri adlandırsaq, bəlkə də yanılmarıq. Digər böyük uğuru isə İstanbulda keçirilən dünya çempionatının finalında belaruslu rəqibini məğlub edərək, karyerasında ilk dəfə dünya çempionluğuna nail olmasıdır.

Deyilənə görə, hər insana qoyulan ad onun taleyinə böyük təsir göstərir. 12 yaşından idmanla məşğul olan Rövşənin valideynləri onun gələcəkdə yaxşı idmançı olacağını düşünməmiş, sadəcə, sakit, amma özünə güvənən uşaq olmağını istəmişdilər. Nə vaxtsa bu övladın ölkəmizə “işıqlı, aydın, nurlu, açıq” qələbələr qazandıracağını xəyallarına belə gətirməmişdilər. Rövşən adının mənasının “işıqlı, aydın, nurlu, açıq” olması onun cəsarətli qələbələrindən xəbər verir.

Bu gün o, idmandakı nailiyyətləri üçün, nə qədər qəribə görünsə də, bibisinə minnətdardır. Bəli, onun bu yolda ilk addım atmasının səbəbkarı bibisi olub.
O, ilk uğurlu addımını 2006-cı ildə Rusiya paytaxtında təşkil olunan Avropa çempionatında bürünc medal qazanmaqla atdı. Atalar demişkən, “işi başlayan yarıda qoymaz”. Bu ibarəni özünə həyat şüarı seçən güləşçi daim yeni-yeni qələbələr haqqında düşünüb. Layiqli və diqqətçəkən uğurları ilə medallarının sayını artırmağa müvəffəq olub. Karyerası dövründə cəmi iki dəfə olimpiadada iştirak edən idmançı hər ikisində gümüş medala sahib olub. Əlbəttə, hətta güclü təcrübəyə sahib olan bir idmançı üçün də bu nəticələr kifayət qədər uğurlu hesab edilməlidir. Hərçənd belə idmançılardan həmişə azarkeşləri yalnız qızıl medal gözləyir.

İlk dəfə 2008-ci ildə, Pekin Olimpiadasında iştirak edən Rövşən təcrübəsiz olsa da, iradəsi sayəsində çətinliyin öhdəsindən gəldi və məqsədli yolunun ilk böyük ümidinə sahib oldu. Pekin Oyunlarının 1/8 finalında misirli Mustafa Məhəmmədlə qarşılaşan güləşçi rəqibinə 12-0, 1/4 finalda kubalı Yaqniyer Ernandesə 10-2, yarımfinalda isə ermənistanlı güləşçi Roman Aloyana 11-3 hesabı ilə qalib gəldi. Finala qədər inamla addımlasa da, bu mərhələdə rusiyalı Nazir Mankiyevə 5-6 hesabı ilə uduzdu və iştirak etdiyi ilk olimpiya oyunlarının gümüş medalı ilə kifayətləndi. Bu qələbə təcrübəsiz bir idmançı üçün o zaman böyük müvəffəqiyyət idi.

İkinci dəfə olimpiadaya yollanan idmançının qızılla qayıdacağına ümidlər daha çox idi. LondonYay Olimpiya Yay Oyunlarına olimpiya mükafatşısı u kimi yollanan, kifayət qədər potensiala və təcrübəyə sahib olan idmançının finaldakı nəticəsi qəribəliklərlə zəngin oldu. Yalnız çempionluğu düşünməsinə, son mərhələyə kimi inamla gəlməsinə baxmayaraq, beşqat dünya çempionu iranlı Həmid Suriana ani zədə səbəbindən məğlub oldu və bu dəfə də hər kəsin ondan gözlədiyi olimpiya çempionluğu titulunu qazana bilmədi. Pekin Olimpiadasından sonra ciddi zədələrə görə, yarışlarda, o cümlədən bu il Bakıda təşkil olunan birinci Avropa Oyunlarında iştirak etmək imkanını əldən verən Rövşən növbəti uğurunu üç il gözləməli oldu. Las Veqasda təşkil olunan dünya çempionatının 1/4 finalında London Yay Olimpiya Oyunlarının finalında məğlub olduğu iranlı Həmid Surianla yenidən qarşılaşdı. Rəqib ondan üstün olan güləşçimizi iki dəfə zədələmək istədiyi üçün yarışdan uzaqlaşdırıldı. Rövşən yarımfinalda zədəli halda qırğız rəqibinə qalib gəlməklə, finala adlasa da, kubalı rəqibi İsmayıl Borrero ilə qarşılaşmada uduzdu. Amma o, “Rio-2016”ya lisenziya qazandı. Bu onun karyerasında üçüncü olimpiya oyunları olacaq.

Onun məqsədi yalnız budur. Gücü, inamı və yarışlarda əldə etdiyi təcrübələr Rövşənin güclülər arasında olduğunun sübutudur. 2016-cı il Olimpiadasında qızıla iddialı olan güləşçinin karyerasında yeniliyə imza atmaq üçün inadkarlıqla və cəsarətlə rəqibinə qarşı mübarizə aparacağına inanırıq.

“Müvəffəqiyyətsizlik uğurdan daha çox şey öyrədər” deyirlər. Əsl qəhrəmanlıq mübarizə aparıb qalib gəlməkdir. Ümid edirik ki, o, əvvəlki iki olimpiya oyunlarının finalındakı talesizliyindən uzaq olub “Rio-2016”dan qızıl medalla dönəcək və bayrağımızı Braziliyada dalğalandırmaqla himnimizi səsləndirəcək.

İndi olimpiadaya ciddi hazırlaşan idmançıya ümidlər yenə də hədsizdir. Çünki bu yol yalnız cəsarətlilərin və inadkarların yoludur.

Aynurə PƏNAHQIZI


Xəbər 825 dəfə oxundu.