AZAL klubu qış turnirində vahid lider olub
Qış fasiləsini Azərbaycanda keçirən futbol klubları arasında “CBC Sport Kuboku” turniri davam edir.

Beşinci oyun günündə daha bir qarşılaşma keçirilib. AZAL birinci divizion klubu "Şərurspor"la üz-üzə gəlib. Bu, elita təmsilçisinin yarışdakı üçüncü, birinci divizion klubunun isə ikinci oyunu olub.

Oyuna hakim olan AZAL ilk iki qolun müəllifi olub. Amma 33-cü dəqiqədə azlıqda qalan elita təmsilçisi matçın gedişində üstünlüyünü əldən verib. İstənilən halda, matçın sonlarında paytaxt təmsilçisi qələbə qolunu vurmağı bacarıb – 3:2. Bu qələbə sayəsində AZAL "Neftçi"ni qabaqlayaraq, turnirdə vahid liderliyi ələ keçirib.

Beləliklə, baş məşqçi Tərlan Əhmədovun komandası üçüncü matçında ardıcıl 2-ci qələbə qazanaraq 6 xalla liderliyə yüksəlib. “Şərurspor” isə 1 xalla dördüncü pillədə qalıb. “Neftçi” 4 xalla ikinci, “Neftçala” 2 xalla üçüncü, xalsız MOİK isə turnirin autsayderidir.

Xəbər 735 dəfə oxundu.