Bakıda güləş üzrə beynəlxalq turnirin açılış mərasimi olub
Yanvarın 16-da Hövsan Olimpiya İdman Kompleksində yeniyetmələr arasında sərbəst güləş üzrə 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş 19-cu beynəlxalq turnirin təntənəli açılış mərasimi olub.

Əvvəlcə iştirakçı ölkələrin bayraqları meydana gətirilib.

Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazov son illər Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini vurğulayıb. Bildirib ki, Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idmanın müxtəlif növləri sürətlə inkişaf edir. Sevindirici haldır ki, bu sırada güləş xüsusi yer tutur. Yüksək nəticələrin davamı kimi Azərbaycan idmançıları 2015-ci ildə mötəbər yarışlarda 820-dən çox medal qazanıblar. Bu gün açılış mərasiminə toplaşmış bütün yarış iştirakçılarına uğurlar arzulayır və qələbə sevinci yaşamağı diləyirəm.

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev yarışın əhəmiyyətini yüksək qiymətləndirib, pəhləvanlarımızın ötən il qazandıqları nailiyyətlərdən danışıb. O, idmanın bu növünün respublikamızda inkişafda olduğunu diqqətə çatdırıb.

Çıxış edənlər milli azadlıq yolunda canlarından keçən Vətən övladlarının öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdıqlarını bildiriblər. Qeyd olunub ki, Vətən və millətimizin azadlığı uğrunda qurban gedən qəhrəman oğul və qızlarımızın xatirəsini yad etmək hər birimizin mənəvi borcudur.

Natiqlər bildiriblər ki, cari ildə pəhləvanlarımızı ciddi sınaq gözləyir. İdmançılarımız, o cümlədən güləşçilərimiz Braziliyada təşkil olunacaq birinci Yay Olimpiya Oyunlarına ciddi hazırlaşırlar.

Yarışda Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya və Gürcüstandan olan güləşçilər də birincilik uğrunda mübarizə aparırlar.

Xəbər 830 dəfə oxundu.