Almaniya millisi Banişevski və Foqtsun dövrünə qayıtdı
Bu ilin yayında Polşa və Ukraynada keçiriləcək Avropa çempionatının favoritlərindən olan Almaniya milli komandası final mərhələsi zamanı meydana qeyri-adi formada çıxacaq. İdman.com.az saytının məlumatına görə, Bundestim Avro-2012-də yaşıl formada çıxış edəcək.

Almanlar üçün qeyri-adi olan bu rəng formalar komanda üçün uğurlu sayılır. Avropa çempionatları tarixində sonuncu dəfə almaniyalıların yaşıl forma geyməsinə 40 il əvvəl təısadüf olunub. Həmin vaxt – 1972-ci ildə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun da oynadığı AFR millisi həmyerlimiz Anatoli Banişevskinin çıxış etdiyi SSRİ yığmasını 3:0 hesabı ilə darmadağın edib, çempion olmuşdu.

Foqts və komandası 2 il sonrakı dünya çempionatında da yaşıl geyib qızıl qazanmışdılar. Həmin uğurlu dövrlərin nostaljisini yaşayan Bundestim yenidən yaşıla üstünlük verib.

Xəbər 902 dəfə oxundu.