“Neftçi” klubu AZAL-a tək qolla qalib gəlib
Qış fasiləsini Azərbaycanda keçirən futbol klublarının iştirakı ilə təşkil olunan “CBC Sport” kuboku yarışları start götürüb.

Beş komandanın qatıldığı yarışın ilk oyun günündə bir qarşılaşma keçirilib.

Turnirin ilk matçında Topaz Premyer Liqasının iki komandası - “Neftçi” ilə AZAL üz-üzə gəlib.

Bu komandaların Topaz Premyer Liqasının turnir cədvəlində qonşu pillələrdə olması da matça maraq qatıb. Mövsümün hər iki görüşündə rəqibinə uduzan “Neftçi” məğlubiyyətlərin əvəzini bu oyunda çıxa bilib. Belə ki, 39-cu dəqiqədə Araz Abdullayevin vurduğu qol “Neftçi”yə minimal hesablı qələbə qazandırıb – 1:0.

Qeyd edək ki, bir dövrəli sistemlə keçirilən turnirdə “Neftçi” və AZAL ilə yanaşı, I divizion təmsilçiləri "Neftçala", "Şərurspor" və MOİK də mübarizə aparır.

Xəbər 748 dəfə oxundu.