Möhtəşəm Bakı trası Formula-1 bolidlərini sınağa çəkərkən...
2015-ci ilin sonlarında 2016-cı il il üçün müxtəlif proqnozlar səsləndiriləndə, hamı səbirsizliklə, necə gələcəyindən asılı olmayaraq yeni ili gözləyirdi. Bir tanınmış bəstənin sözlərində deyildiyi kimi, “Dünya köhnə dünyadır, sevgiləri təzədir. Görüşə gedəni var, Görüşdən gələni var. Kövrəlib ağlayanı, Ürəkdən güləni var”. Elə bu cür notlarla dünya, eləcə də ölkəmiz Yeni ili qarşıladı.

Beləcə, qayğılarla yüklədiyimiz günlər həftələrə, həftələr aylara çevrilib bir-birini əvəz etmək üçün növbə gözləyirlər. İlk ayın ilk həftələrini yola saldıq. Ömürdən-gündən gedir, - deyə qarşıdakı həftələrə, aylara boylanırıq, onlara töhfələrimizi verməyi də unutmuruq.

Bu ilin ilk yarısını qapayan iyun ayı bizə 2016-cı ilin ən böyük idman hadisələrindən olan “Formula-1” (FIA Formula One World Championship) yarışlarının Bakı Avropa Qran-prisini bəxş edəcək. Əslində, kainatın adlı-sanlı, ən sürətli bolidlərinin iştirakı ilə hər il (1950-ci ildən başlayaraq) sayılan, seçilən ölkələrdə təşkil edilən yarışların bu mövsümü mart ayından başlayır və noyabrın axırlarına qədər davam edəcək. Azərbaycanla yanaşı, ABŞ, Bəhreyn, Çin, Rusiya, İspaniya, Monako, Kanada, Avstriya, Böyük Britaniya, Almaniya, İtaliya, Sinqapur, Yaponiya kimi tanınmış ölkələr də bu idman tədbirinə ev sahibliyi edəcəklər.

Şübhəsiz, belə böyük tədbirə ev sahibi seçilərkən beynəlxalq yarışların təşkilində əldə edilən təcrübə, idman infrastrukturunun səviyyəsi, texniki-təşkilati imkanlar, yarış zamanı iştirakçı və qonaqların hərtərəfli qayğı ilə əhatə olunmaları üçün sosial infrastrukturun səviyyəsi nəzərə alınır.

Amma iqtisadi böhranın daha da dərinləşdiyi və təhlükəsizlik məsələləri ilə bağlı böyük çatlar yaranan narahat dünyamızda bu cür irimiqyaslı idman tədbirlərini ölkələrin özləri də çox ehtiyatla seçirlər. Bu cür yarışların təşkili ölkənin idman şöhrətini, eləcə də, nüfuzunu artırmaqla yanaşı, iqtisadiyyata əlavə investisiyalar cəlb edir, turizm potensialını genişləndirir. Populyarlığına görə yalnız olimpiya oyunları və fütbol üzrə dünya çempionatlarına güzəştə gedən Formula-1-in möhtəşəmliyini nəzərə alsaq, belə böyük tədbirin bizə fayda gətirəcəyini əminliklə söyləyə bilərik. İlk növbədə, ölkəmizin təqdimatı. İdman ölkəsi kimi ad çıxaran Azərbaycan, həm də müxtəlif xalqların, millətlərin birgə, sülh, əminəmanlıq şəraitində yaşadığı ölkə kimi tanınır. Müharibə şəraitində yaşamağımıza baxmayaraq sabitlik və təhlükəsizliyi təmin edib inkişafa nail olmağımızın beynəlxalq arenada birmənalı qarşılanmamasını da qeyd etməliyik. İkili standartların hökm sürdüyü və ziddiyyətlərlə dolu hazırki zamanda, şübhəsiz, bunlar təbiidir. Belə vəziyyətdə dünyaya daha açıq olmağımız xeyrimizədir. Reallıqlarımızla diqqət mərkəzində olmağımız qlobal miqyasda informasiya mübarizəsində qalibiyyətimizlə yanaşı, beynəlxalq aləmə təsir gücümüzü də artıracaq.

Digər bir fayda belə irimiqyaslı tədbirlərə hazırlıq çərçivəsində görülən işlər nəticəsində çoxtəyinatlı infrastrukturun formalaşdırılmasıdır. Ötən illər ərzində yaradılan müasir infrastruktur – yüksək standartlı otellər, istirahət və əyləncə mərkəzləri, restoran, kafe və digər iaşə, xidmət obyektləri, eyni vaxtda minlərlə turistə xidmət etmək imkanındadır. Bir-birindən gözəl park, xiyabanlar, dənizkənarı bulvar zonası, şəhərin gözoxşayan müasir infrastrukturu turizm potensialının artırılması üçün gözəl imkanlar açmışdır. Bunun yarışlar zamanı ölkəmizə kütləvi turist axını üçün zəmin yaradacağı şübhəsizdir. Ölkəmizə yarışları izləmək üçün gələcək qonaqların arasında Azərbaycanı tanıyanlar var ki, məmnuniyyətlə bu gözəl diyara belə möhtəşəm yarışlara tamaşa etmək üçün gələcəklər. Amma bu məşhur yarışların canlı olaraq xüsusi izləyiciləri arasında ölkəmizi tanımayanlar da var. Onlar dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri kimi nüfuz qazanan “Odlar yurdu” ilə daha yaxından maraqlandıqda, bu məmləkəti öz gözləri ilə görmək üçün mütləq respublikamıza gəlmək istəyəcəklər. Xarici qonaqların paytaxtımızda yerləşməsi və hər bir qayğı ilə əhatə olunması üçün lazımi infrastruktur olduğundan əlavə xərclərə ehtiyac olmayacaq. Biletlərin satışından əldə edilən gəlir isə dövlət büdcəsinə daxil olacaq.

Formula-1 yarışlarının ölkəmizə gətirəcəyi daha bir fayda avtomobil idmanının inkişafına verilmiş töhfə olacaq.

Azərbaycanda bu idman növünə böyük marağın olduğunu nəzərə alsaq, ölkəmizi yaxın illərdə beynəlxalq arenalarda layiqincə təmsil edəcək pilotların yetişəcəyinə ümid etmək olar.

Məlumat üçün qeyd edək ki, artıq bu sahədə mühüm işlərin görülməsinə başlanmışdır. Parisdə Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyasının 2015-ci il üzrə illik iclasında Azərbaycan Avtomobil Federasiyası FIA-nın mobilik sahəsi üzrə üzvü seçilib. Avtomobil Federasiyası bundan sonra, həmçinin yol hərəkəti təhlükəsizliyi, avtomobil turizmi kimi beynəlxalq layihələr həyata keçirəcək.

Mobillik avtomobil sahəsinə aid bütün mövzuları özündə cəmləşdirir. Buraya təhlükəsizlik, ətraf mühit, turizm və s. kimi önəmli sahələri aid etmək olar. Mobillik siyasətinin başlıca məqsədi yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasıdır.

Azərbaycanda avtomobil idmanı yarışlarına marağın böyük olduğunu Bakıda "Formula-1" çempionu "Red Bull Racing" komandasının nümunəvi çıxışları zamanı məşhur “RB-7” bolidini idarə edən Devid Kulthard belə ifadə etmişdir: “Müxtəlif manevrlər edərkən camaat təəccüblənmirdi, sanki bütün bunların olacağı məlum idi. Ölkənizdə "Formula-1" yarışlarını, yəqin, yaxından izləyirlər. Çünki insanların bu barədə kifayət qədər məlumatlı olduğu görünür. Sizin əhalinin marağını fərqləndirərdim. Bəzi insanlar sadəcə şouya baxır və ondan həzz alır. Amma Bakıda insanlar sükan arxasında olan insanı da coşğuya gətirir. Onların alqışı və qışqırması məni manevrləri daha yaxşı etməyə sövq edirdi. Əsas fərq budur”.

Diqqət etsək, əslində, böyük idman tədbirlərinin, həm də azarkeş mədəniyyətinin formalaşdığı ölkələrdə keçirildiyinin şahidi olarıq. Ötən il Avropanın möhtəşəm idman hadisəsi olan birinci Avropa Oyunlarında bunun əyani şahidi olduq. Bakıda keçirilən ilk Avropa Oyunlarını, həm də azarkeş ordumuzun coşqusu böyük bir bayrama çevirdi. Oyunları izləməyə gəlmiş minlərlə qonaq və turist yarış günlərini əsl bayram ab-havasında yaşadılar.

Əminik ki, 187 ölkədə televiziya vasitəsilə yayımlanan və 500 milyon tamaşaçısı olan Formula-1-in Avropa Qran-prisi də möhtəşəmliyi ilə beynəlxalq arenaya səs salacaq.
Avropa Qran-prisində Hökumət evinin start-finiş hissəsindən başlayaraq saat əqrəbinin əksi istiqamətində irəliləyən yarış bolidlərinin İçərişəhər ətrafı boyunca dövr edib, Bakı bulvarı ilə finiş xəttinə yaxınlaşması nəzərdə tutulub.

Artıq ecazkar Bakı trasının yarışa hazırlığı dünyanın mediasının da diqqət mərkəzindədir. Qeyd edək ki, bu yarışların bizdəki kimi, yəni şəhər trasında təşkili modeli Sinqapur, Minako və Melbrunda tətbiq edilib. Cari ildə 21 ölkədə təşkil ediləcək 67-ci dünya çempionatında uzunluğuna görə ikinci olan Bakı trası, həmin şəhər traslarından fərqlənəcək. Bakı trasının fərqli cəhətlərindən biri burada sürətlə hərəkət etmək üçün xüsusi zonanın olmasıdır. Bulvarətrafı zonada saatda 340 kilometr sürət yığan bolidlərin manevrləri yüksək sürət həvəskarlarının böyük marağına səbəb olacaq. Qeyd edək ki, bu dünyada rekord sürət sayılır.

Trasın daha bir özəlliyi, bolidlərin keçdiyi bir neçə yerdə kəskin hündürlük fərqinin olmasıdır. Yəni maşınlar yüksək sürətlə 1,5 kilometrlik hündürlüyə qalxır, sonra isə qısa məsafədə aşağı düşür.

Beləcə, qarşıdakı aylar ərzində sürət həvəskarları, eləcə də idmansevərlər Bakı küçələrinin əsl yarış trasına çevrilməsini səbirsizliklə gözləyəcəklər. Qızmar yay fəslinin nəfəskəsən istilərindən möhlət alan iyun ayı gəlişi ilə bu möhtəşəm yarışın əsl ab-havasını ölkəmizə gətirəcək. Yarış iştirakçıları ilə yanaşı, qonaqlar və turistlər də paytaxtımıza gəlməyə başlayacaqlar.

Nəhayət, iyunun 17-də əsrarəngiz Bakı trası Formula-1 bolidlərini sınağa çəkərkən, dünyanın ən cəsarətli və istedadlı pilotları mübarizəyə atılacaqlar... Möhtəşəm Bakı sürət meydançasından zirvəyə daha bir addım atıb, dünyanın idman tarixinə şanlı səhifələrdən birini yazacaq.

Leyla QURBANOVA


Xəbər 3952 dəfə oxundu.