“Qəbələ” komandası Almaniya, İsveçrə və Ukrayna klubları ilə yoldaşlıq oyunu keçirəcək
Futbol üzrə Topaz Premyer Liqasının XVIII turunun “Qarabağ”la matçından (1:1) sonra istirahətə buraxılan “Qəbələ” hazırlıqlara start verib.

Təlim-məşq prosesi keçirmək üçün komanda artıq Türkiyədədir. “Qəbələ”nin legioner futbolçuları da komandaya Antalyada qoşulacaq. Toplanış yanvarın 27-dək davam edəcək.

Hazırlıq müddətində “Qəbələ” 3 yoldaşlıq oyunu keçirəcək. Baş məşqçi Roman Qriqorçukun yetirmələrinin ilk rəqibi “Osnabryuk” olacaq. Almaniya çempionatının aşağı liqa təmsilçisi ilə qarşılaşma yanvarın 16-da keçiriləcək. Dörd gün sonra “Qəbələ” ikinci yoxlama oyununda İsveçrənin “Sürix” klubu ilə üz-üzə gələcək. Yanvarın 24-də baş tutacaq son yoxlama matçında komandamız Ukrayna təmsilçisi “Dnepr”lə görüşəcək.

Premyer Liqanın ilk iki dövrəsində keçirdiyi 18 oyunda 28 xal toplayan “Qəbələ” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 2016-cı ilin ilk rəsmi matçını yanvarın 30-da keçirəcək “Qəbələ” çempionatın XIX turda “Kəpəz”lə qarşılaşacaq.

Xəbər 855 dəfə oxundu.