Səlahət Ağayev: Mövsümü titulla başa vurmaq istəyirəm
“Türkiyədə olduğumuz müddətdə bizə böyük həcmdə iş yerinə yetirmək müyəssər oldu. Səylə məşq edir və çempionatın ikinci hissəsinə hazırlaşırdıq”. İdman.com.az saytının məlumatına görə, bunu “İnter”in qapıçısı Səlahət Ağayev deyib.

Klubunun rəsmi saytına açıqlama verən Azərbaycan yığmasının qapıçısı “bankçılar”ın Türkiyədə keçirilən təlim-məşq toplanışı və mövsümün II hissəsi ilə bağlı fikirlərini açıqlayıb:

“Antalyada keçirilən yoxlama matçlarında bizə qarşı güclü rəqiblər oynayırdılar və bu da əhəmiyyətli amil idi. Bu yaxınlarda “İnter”lə müqavilə müddətini uzatdım və komandaya kömək edəcəyimə ümid edirəm. Mövsümü titulla başa vurmağımızı çox istərdim, ancaq bunun asan olmayacağını da anlayırıq.

Bütün rəqiblər qətiyyətlə kökləniblər və biz gücümüzü maksimum dərəcədə ortaya qoymalıyıq. Mövsümün ikinci hissəsi maraqlı olmağı vəd edir və onun komandamız üçün də uğurlu olmasını istərdim”.

Xəbər 1022 dəfə oxundu.