Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Bakıda
Yanvarın 8-də Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerlə görüşüb. Qonağı salamlayan R.Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin ölkə idmanının inkişafına göstərdiyi böyük diqqət və qayğıdan danışıb, idmançılarımızın Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları yüksək nailiyyətlərdən söhbət açıb. Ölkəmizdə cüdo idman növünün də zəngin ənənələrə malik olduğunu qeyd edən R.Abdullayev son vaxtlar idmançılarımızın mötəbər yarışlardakı uğurlarını vurğulayıb. O, Azərbaycan cüdoçularının Fransa, Avstraliya, Çin, Koreya, Yaponiya, Afrika “Qran-pri” və “Böyük dəbilqə” turnirlərində medallar qazandığını diqqətə çatdırıb. Ötən ilin dekabr ayında gənclər və böyüklər arasında respublika çempionatlarının da yüksək səviyyədə keçirildiyini söyləyən R.Abdullayev bu yarışlarda rekord sayda cüdoçuların mübarizə apardığını qeyd edib.

Səmimi görüşə görə minnətdarlığını bildirən Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Azərbaycanın artıq bütün dünyada idman ölkəsi kimi tanındığını söyləyib. Respublikamızda dövlət səviyyəsində Olimpiya Hərəkatı və idmanın inkişafına göstərilən diqqətin dəfələrlə ümumdünya idman təşkilatları və federasiyaları tərəfindən qiymətləndirildiyini bildirib. Azərbaycan cüdoçularının gələcək beynəlxalq yarışlarda da uğurla çıxış edəcəyinə ümidvar olduğunu söyləyən Marius Vizer bu ilin may ayında Bakıda ümummili lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Böyük dəbilqə” yarışının da yüksək səviyyədə keçiriləcəyinə əminliyini vurğulayıb. Bu mötəbər turnirdə beynəlxalq və yerli federasiyaların birgə işçi qrupunun fəaliyyət göstərəcəyini, yarışda dünyanın ən güclü cüdoçularının Bakıya təşrif buyuracağını qeyd edib.

2017-ci ilin yanvar ayında beynəlxalq dərəcəli hakimlərin seminarının keçirilməsinin də Bakıya həvalə olunduğunu söyləyən cənab Vizer bu tədbirdə cüdoda olimpiadadan sonra yeni qaydaların tətbiq edilməsi ilə bağlı qərar qəbul olunacağını deyib. Həmçinin, Beynəlxalq Cüdo Federasiyanın 2 il əvvəl yaranmış akademiyası ilə Azərbaycan Cüdo Federasiyası arasında əməkdaşlığa başlanılacaq.

Sonra Marius Vizer Beynəlxalq Cüdo Federasiyanın xüsusi hədiyyəsini Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevə təqdim edib.
Görüşün sonunda xatirə şəkli çəkdirilib.

Xəbər 701 dəfə oxundu.