AFFA klublara transfer qadağası tətbiq edə bilər
Yanvarın 6-da AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Yığıncaqda yalnız bir məsələ müzakirə olunub və müvafiq qərar qəbul edilib. Belə ki, Peşəkar Futbol Liqası (PFL) İntizam Komitəsinə məktub ünvanlayaraq, Topaz Premyer Liqasında çıxış edən klubların (“Qarabağ” istisna olmaqla) legioner futbolçular üçün nəzərdə tutulan üzvlük haqqı və cərimələrdən ibarət ödənilməmiş borclarının olduğu və borcların son ödəmə tarixinin yanvarın 29-da başa çatdığı bildirilib.

Eyni zamanda PFL təyin edilmiş tarixə kimi borcunu ödəməyən klublara qarşı yeni (yerli və legioner) futbolçuların qeydiyyatına və hazırda heyətdə olan legioner futbolçuların növbəti turlarda iştirakına qadağa qoyulması ilə bağlı da İntizam Komitəsinə müraciət edib.

Yuxarıda göstərilənləri nəzərə alaraq yanvarın 29-dək PFL-ə olan borcunu ödəməyən klublara qarşı İntizam Komitəsi aşağıdakı cəzaları tətbiq edib:

- Yeni (yerli və legioner) futbolçuların qeydiyyatına qadağa qoyulsun.

- Hazırda heyətdə olan legioner futbolçuların növbəti turlarda iştirakına qadağa qoyulsun (borc ödənilənədək).

- Borcunu ödəmiş kluba qarşı cəzalar qüvvədən düşür.

Xəbər 673 dəfə oxundu.