Həmrəylik günü münasibətilə şahmat üzrə rayon turniri keçirilib
Astara rayon Gənclər və İdman İdarəsi, Rayon Təhsil Şöbəsi və Şahmat Məktəbinin birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramının qeyd edilməsi məqsədilə 21-25 dekabr tarixlərində rayon məktəblilərinin oğlan və qızlardan ibarət komandaları arasında şahmat üzrə rayon turniri keçirilib.

Turnirin keçirilməsində məqsəd Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi, gənclərə vətənpərvərlik tərbiyəsinin aşılanması, məktəblilər arasında şahmat idman növünün təbliğ edilməsi, onların asudə vaxtının səmərəli təşkil edilməsi olub.

Turnirdə rayon üzrə 14 məktəb komandası olmaqla, ümumilikdə 60 nəfər şahmatçı mübarizə aparıb. Mübarizə aparan məktəblilərdən 14 nəfəri qız, 46 nəfəri oğlan olub. Yarış 4 qrupda olimpiya qaydaları əsasında keçirilib.

Qruplarda I və II yeri tutan komandalar finala vəsiqə qazanıblar. Final mərhələsində birinci, ikinci və üçüncü yerlərə müvafiq olaraq, Tüləgivan kənd tam orta məktəb, Şağlazüzə kənd tam orta məktəb və Astara şəhər 4 saylı tam orta məktəbin komandası layiq görülüb.

Qaliblərə Rayon Gənclər və İdman İdarəsi və Rayon Təhsil Şöbəsinin diplom və xatirə hədiyyələri təqdim edilib.


Xəbər 876 dəfə oxundu.