Bakı rəqiblərini qabaqlayır
Beynəlxalq idman portalının keçirdiyi sorğuda Bakının 2020-ci Olimpiya Oyunlarına namizidliyinə böyük üstünlük verilib
Nüfuzlu GamesBids beynəlxalq xəbər portalının keçirdiyi sorğunun nəticələrinə əsasən 2020 Olimpiya Oyunlarına namizədlik iddiasında olan 6 şəhər arasında Bakı böyük səs çoxluğu ilə digər şəhərləri arxada qoyub. Bu barədə xəbəri Gənclər və İdman Nazirliyinin mətbuat xidməti yayıb.

GamesBids saytının (www.gamesbids.com) “2020 Olimpiya Oyunlarına hansı şəhərin ev sahibliyi etməsini dəstəkləyirsiz?” sualına respondentlərin 50.63%-i, Bakının adını qeyd ediblər. 10252 səs toplayan Bakı bu sorğuda İstanbul (16.29%), Tokio (12.86% ), Madrid (10.89%), Doha (5.61%) və Roma (3.72%) şəhərlərini geridə qoyaraq beynəlxalq xəbər portalının oxucularının daha böyük rəğbətini qazanıb.

Sorğunun nəticələrini şərh edən Bakı-2020 Təşkilat Komitəsinin İcraçı Direktoru Konul Nurullayeva bunları bildirib: “GamesBids xəbər portalının sorğusunda 2020 Olimpiya Oyunlarına ev sahibliyi iddiasında olan Bakı şəhərinə daha çox dəstək göstərilməsi məni şox sevindirir. GamesBids Olimpiya Oyunlarına hazırlıq, namizədlik prosesi və namizəd şəhərlər haqqında xəbər yayan ən nüfuzlu saytlardan biridir. Olimpiya Oyunları ilə dünyada maraqlanan bir çox oxucular məhz bu saytdan xəbər alır. Sorğuda iştirak edənlərin 50%-dən çoxunun Bakıya dəstək olması şəhərimizin və ölkəmizin dünyada ildən ilə daha çox tanınması, idmanımızın artan potensialı və Azərbaycanın Olimpiya Hərəkatında fəal mövqeyinin göstəricisidir. Əminəm ki, 2020 Olimpiya Oyunlarına ev sahibliyi etmək şərəfi bizə düşərsə həm Azərbaycan, həm də, bütün dünya üzrə Olimpiya Oyunlarına maraq göstərən vətəndaşların rəğbətini doğruldacaq və ən gözəl Olimpiya Oyunlarından birini 2020-ci ildə məhz Bakıda keçirəcəyik”.

K.Nurullayeva onu da qeyd edib ki, həmin portal eyni zamanda Beynəlxalq Olimpiya Komitəsi üzvlərinin də müntəzəm oxuduğu xəbər saytıdır. O, bu sorğunun nəticələrinin 2020 Olimpiya Oyunlarına ev sahibliyinə namizəd şəhərləri müəyyənləşdirən BOK üzvləri tərəfindən nəzərə alınacağına ümid etdiyini bildirib.

“Bu fakt bir daha onu göstərir ki, ölkəmiz dünya idman aləmində, xüsusən də, Olimpiya Hərəkatında dünyanın aparıcı şəhərlərindən geri qalmır və bizim Olimpiya Oyunlarına namizədliyimizin irəli sürülməsi çox doğru addım idi. 2020-ci il Oyunları Bakıda keçirilərsə biz birlikdə dünyaya Azərbaycanın əsl idman potensialını nümayiş etdirərik və Olimpiya ideallarını milyonlarla gənclər arasında yaymış olarıq” – deyə, Könül Nurullayeva qeyd edib.

GamesBids portalının abunəçiləri arasında BOK-un 129 milli olimpiya komitəsi, beynəlxalq kütləvi informasiya vasitləri, BOK-un üzvləri, dünya üzrə çoxsaylı Olimpiya həvəskarları və idmançılar daxildir. Həmin saytda həmçinin Könül Nurullayevanın bu yaxınlarda dərc edilmiş müsahibəsi ilə də tanış olmaq mümkündür. Onu da qeyd etmək lazımdır ki, 2011-ci ilin dekabrında Azərbaycanda keçirilən sorğuya əsasən respondentlərin 95 faizi 2020-ci il Oyunlarının Bakıda keçirlməsini dəstəkləyib.

Xəbər 1341 dəfə oxundu.