Pərviz Bağırov: “Hər bir idmançı sona qədər “qızıl”ı düşünməlidir”
«Bütün gücümü və ağlımı toplayaraq, olimpiya çempionu olacağam»

Son günlərini yaşadığımız 2015-ci ildə idmançılarımız bir çox qələbələri ilə, o cümlədən gələn il Rio de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına qazandıqları lisenziyalarla qəlblərimizi fəth etdilər. Əldə olunan uğurlar ölkəmizin nəinki geri qalmadığını, əksinə, hər dəfə yeni zirvələr fəth etdiyini sübut edir. Bakıda bu ilin iyununda təşkil olunmuş möhtəşəm I Avropa Oyunları bunun daha bir təsdiqi idi. İdmançılarımız da bu yüksəlişə uyğun olaraq, mubarizə meydanlarında fərqlənirlər. «Rio-2016»ya lisenziya qazanan budəfəki qonağımız doğma rinqdə rəqiblərinə qızıl medal qazanmağa imkan verməyən, I Avropa Oyunlarının qalibi, Qətərin paytaxtı Dohada keçirilmiş dünya çempionatının gümüş medalçısı, boksçu Pərviz Bağırovdur. Ondan, ilk öncə, keçmişə bir anlıq qayıtmağını və Avropa Oyunları haqqındakı təəssüratlarını bizimlə bölüşməyini istədim:

- Həqiqətən də, möhtəşəm idi. Bütün idmançılar kimi, mənim də üzərimdə böyük məsuliyyət var idi, ona görə də ciddi hazırlaşmışdım. Bura bizim vətənimizdir. Doğma meydanda məğlubiyyət idmançı üçün ağır olur. Avropa Oyunlarında bütün gücümü bacardığım qədər sərf etdim. Rusiyalı Aleksandr Besputin güclü idmançı və Avropa çempionu idi. Ancaq mən taktiki fəndlərim və sürətimlə ondan üstün olduğumu sübut etdim. Avropa Oyunları dünya çempionatındakı döyüşlərim üçün mənə artıq bir təcrübə vermişdi. Buradakı çıxışımda gümüş medal qazanaraq, Rio Yay Olimpiya Oyunlarında iştirak etmək üçün lisenziya əldə etdiyimə görə sevinirəm. Bu rəqiblərimin bəziləri ilə Rioda da qarşılaşacağam. Onlarla tanışam və döyüş taktikalarını yaxşı bilirəm. Ona görə də əsas məqsədim yalnız yüksək zirvəni fəth etməkdir. İnşallah, orada himnimizin səsləndirilməsinə nail olacağam.

-Finala gəlmək və sonda gümüş medal qazanmaq...

-Həqiqətən, yarımfinalda məğlub olmaq bir o qədər də təsir eləmir, nəinki finala kimi gəlib burda uduzmaq - çox ağır hisslərdir. Belə məğlubiyyətlə heç vaxt barışmaq olmur. Səhlənkarlıq, ani diqqətsizlik və ya zədə məğlub olmaq deməkdir. Hər bir idmançı sona qədər “qızıl”ı düşünməlidir. Düzü, mən gümüş medalı uğur saymıram, amma medalsız Vətənə qayıtmaqdansa, azı gümüş və bürünc medalla qayıtmaq yaxşıdır.

-«Rio-2016» Yay Olimpiya Oyunlarına da, yəqin ki, maksimalizmlə yanaşacaqsan.

-Bidiyimiz kimi, ilk boks mükafatçımız Vüqar Ələkbərovdur. Riodan, azı onun uğurları qədər nailiyyətlə qayıtmağa iddialıyam. Hazırda o, məşq müəllimimdir. İnanıram ki, zəhməti hədər etməyəcəyəm. Oradan başıuca dönəcəyimə əminəm. Qələbə ilə qayıtmağı qarşıma məqsəd qoymuşam. Hazırda məşq toplanışlarındayıq. Fiziki hazırlıqlar bizim üçün çox vacibdir. Həm də rəqiblərimi yaxşı tanımağa çalışıram və aralarında güclülərin çoxluğu məni əsla qorxuya salmır. Əksinə, daha səylə çalışmağa vadar edir. Rəqibin güclü olması çox faydalıdır.

-Bir az qəribə səslənsə də, boks bəzi xüsusiyyətlərinə görə şahmata yaxındır.

- Doğrudur. Bir çox xüsusiyyətlərinə görə oxşarlıq var. Başlıca səbəb hər ikisində iti ağıldan istifadə etməkdir. Rinqdə çox vaxt güclü olan deyil, ağlının itiliyinə güvənən qələbə qazanır. Belə vəziyyətlərlə tez-tez rastlaşıram. Fiziki cəhətdən zəif olan idmançı ağlı sayəsində yüksək pilləyə sahib olur. Elələri var ki, fizik cəhətdən çox güclüdür, amma qələbə qazana bilmir.

- «Rio-2016»da uğura aparan yol haradan başlanır?

- Ən əvvəl güclü məşq, vaxtlı-vaxtında yatıb- durmaq, formanı qorumaq, bir sözlə, hər bir idmançıya vacib olan qaydalara mütəmadi əməl etmək lazımdır.

- Məşqlərə yeni başlayan 13 yaşlı Pərviz düşünürdümü ki, nə vaxtsa olimpiya oyunlarında iştirak etmək şansı qazanacaq?

- Bu yola iddialı çıxmışam. Heç bir uğursuzluq boks sevdama kölgə sala bilmədi. Boksa ilk qədəmi qoyandan məqsədim olimpiya çempionluğu olub. İlk əvvəl bu idman növü barədə bir o qədər də anlayışım yox idi. Sadəcə, sevgim həddən artıq güclü idi. Uşaqlıqdan olimpiadaları izləyirəm. Qələbə qazanan idmançılarımızla fəxr edir və onlar kimi olmağı xəyalımda canlandırardım. Arzum onlar kimi tanınmaq və bayrağımızı dalğalandırmaq idi. İndiki nəticələrim, o cümlədən, gələn il olimpiadada iştirak etmək hüququ qazanmağım arzularıma doğru getdiyimin sübutudur. Inşallah, Rioda bu arzuları reallaşdırmaq üçün bütün gücümü, taktiki imkanlarımı, sürət və ağlımı toplayaraq, olimpiya çempion olacağam.

Söhbətləşdi: Aynurə PƏNAHQIZI

“İdman” qəzeti

Xəbər 2301 dəfə oxundu.