İlin güclü nərd oyunçuları müəyyən edildi
Əsrlərdən bəri məişətimizin, sosial həyatımızın ayrılmaz hissəsinə çevrişmiş nərd, bu gün artıq beynəlxalq əhəmiyyət kəsb edib, düna xalqlarının sevimli oyununa çevrilib, kütləvilik miqyası xeyli genişlənib. İndi nərdi artıq onun vətəni olan Şərq ölkələrində deyil, Köhnə və Yeni dünyanın hər yerində oynayırlar; hətta nərdə olan həvəs və maraqda şərqliləri də keçiblər. Elə bir sıra Avropa ölkələrində nərd üzrə idman fedarasiyalarının bizdən də əvvəl yaradılması bunu təsdiq etmirmi?

Azərbaycan Milli İdman Oyunları Assosiasiyasının nəzdində yaradılan Nərd federasiyası 1993-cü ildən fəaliyyət göstərir. Bu illər ərzində keçirilən ölkə birinciliklərində Bakıda və əyalətdə yaşayan neçə-neçə nərd ustaları aşkar olunub. Ölkə çempionatlarının qalibləri beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil ediblər.

Ötən həftə, dekabrın 18-də Badamdar qəsəbəsindəki «Çuxur Qəbələ» restoranında növbəti Azərbaycan çempionatının startı verildi. Bu, «Çuxur Qəbələ»də keçirilən ikinci respublika birinciliyi idi. Onu da qeyd edək ki, bildir çempionat daha yüksək səviyyədə təşkil edilmişdi. Xüsusən də, açılış mərasimi daha təntənəli keçmişdi. Ötən il yarış iştirakçılarını Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Ədalətli Oyunlar Komissiyasının sədri, Əməkdar məşqçi Xəzər İsayev, Azərbaycan İdman Veteranları İttifaqının sədri, Əməkdar məşqçi Yaşar Məmmədov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Aydın Məmmədov, Bakı Şəhər Baş İdman İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Xosrovoğlu salamlamışdılar. Amma bu dəfə hava soyuq olduğu üçün restoranın zallarından birinə toplaşan yarış işirakçıları qarşısında çıxış edən, onlara uğurlar arzulayan ancaq, Azərbaycan Milli İdman Oyunları Assosiasiyasının prezidenti, ADBTİA-nin pedaqojika üzrə fəlsəfə doktoru Xanlar Qurbanov və yarışların baş hakimi, Azərbaycan Nərd Federasiyasının vitse-prezidenti Əlfiqar Qasmov oldu.

X. Qurbanov Azərbaycanın nərd ustalarının ölkə və beynəlxalq yarışlarda qazandıqları uğurlardan söz açdı, ölkədə nərd idmanının inkişafı sahəsində görülən işlər barədə məlumat verdi və bu işdə Milli İdman Oyunları Assosiasiyasına dəstək olan Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər Baş İdman İdarəsinin rəhbərliyinə, yarışın keçrilməsində xidmətləri olan hər bir kəsə minnətdarlığını bildirdi, yarış iştirakçılarına uğurlar arzuladı. X.Qurbanov yarışların əsasnaməsi, beynəlxalq standartlara əsaslanan yarış qaydaları, nərd üzrə idman ustası normativlərini yerinə yetirənlərə usta adlarının verilməsi barədə məlumat verdi.

Baş hakim Ə.Qasımov nərdi Azərbaycanda ən kütləvi idman növü adlandırdı: «Bu elə bir idmandır ki, orada nə çəki, nə boy, nə yaş əhəmiyyət kəsb etmir. Burada rəqiblərdən ancaq bir-birinə hörmət tələb olunur».

Sonra ölkənin müxtəlif bölgələindən gəlmiş 60-a yaxın nərd ustası zalda iki cərgə düzülmüş masalar üzərindəki nərdtaxtaların arxasına keçdi.

İlk oyunların qalibləri müəyyən olunana kimi Azərbaycan Nərd İdmanı Federasiyasının baş katibi Fədail Dinməmmədovdan yarış və Azərbaycan nərd ustalarının son bir ildə beynəlxalq turnirlərdə əldə etdikləri nailiyətlər barədə məlumat verməyi xaiş etdik.
- Yarış İsveç üsulu ilə 2 qrupda keçirilir. A qrupunda məğlub olan «B» qrupunda mübarizə aparanların cərgəsinə qoşulur. Hər iki qrupda bütün rəqiblərinə qalib gələnlər finalda çempionluq adı uğrunda mübarizə aparacaqlar. Qaliblər Azərbaycan nərdini beynəlxalq arenada təmsil edəcəklər. Son bir ildə nərd ustalarımızdan Aslan Dəmirov, Vaqif Zahidov, Ağabala Xalidov, Mübariz Xudaverdiyev, Aydvn Məmmədov beynəlxalq turnirlərdə uğurla çıxış ediblər. Mən özüm Türkiyədə, Soçidə keçirilən beynəlxalq turnirilərin qalibi olmuşam. Dünya yığmasının tərkibində Rusiya və Gürcüstan yığmalarına qarşı oyunlarda iştirak etmişəm.

Yç gün davam edən gərgin mübarizə nəticəsində, uzun nərddə qalib adına Mehman Rzayev (Bakı) layiq görülüb. İkinci yeri Nizami Ağayev (Buzovna), üçüncü yeri Mübariz Xudaverdiyev (Pirallahı) və İlqar Məmmədov (Bakı) tutublar.

Döymə növündə Çingiz Yusiofov (Bakı) birinci olub. Şirvanlı Məzahir Həsənov ikinci yerə layiq görülüb. Aslan Dəmirov (Qəbələ) və Allahverdi Vəliyev (Yevlax) 3-cü yerləri bölüşdürüblər.

Ə.FƏRƏCOV





Xəbər 962 dəfə oxundu.