Ölkəmizdə olimpiya hərəkatının inkişafında yeni proqram
Gənclərin fiziki və mənəvi inkişafında əhəmiyyətli rol oynayan idman və bu sahədə əldə edilən nailiyətlərin dünya miqyasında nümayişində geniş imkanlara malik olimipiya oyunları kimi, xalqlar bir-birirə yaxınlaşdıran, tanıdan, ölkələrin mədəniyyətləri, iqtisadiyyatları arasında əlaqələr yaradan, körpülər quran və bütün bunların zəminində xalqlar arasında sülh və əminamanlığı qoruyan, bərpa edən ikinci bir vasitə xatırlamaq çətindir. Odur ki, olimpiya hərəkatının inkişafı bütün ölkələrdə xalq və dövlət tərəfindən təqdir ediliir və bu sahədə müxtəlif tədbirlər, proqramlar həyata keçirlir. Bu hərəkat dövlət dəstəyi sayəsində son illərdə çox geniş vüsət alıb. Müasir Azərbaycanın qurucusu ulu öndər dövlətçiliyimizin bünövrə daşını qoyanda, idman və olimpizmin mahiyyətini dərindən bilən, bu sahənin inkişafının dövlətçiliyin, xalqın hər bir sahədə böyük gələcəyinin təməli olduğunu dərk edərək, daxili siyasətdə idmanın prioritetliyini qəbul etdi. Ulu öndərin quruculuq sahəsində müəyyən etdiyi bu istiqamət sonrakı illərdə uğurla davam etdirildi və bu gün artıq öz bəhrəsini verir.

Ölkəmizdə olimpiya hərəkatı geniş vüsət alıb. Azərbaycan bu hərəkatın inkişafı üzrə bütün beynəlxalq proqramların iştirakçısı olub. 2003-cü ildən Niderlandda həyata keçirilən “Olimpiya hərəkatı” proqramı dörd ölkədə fəaliyyətdə olduğu bu müddətdə zamanın sınağından çıxıb. Onu Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, ölkəmizin milli idman federasiyaları dəstəkləyib. Azərbaycanda tətbiq edilən proqramın əsas hədəfi Bakının 350-dək orta ümumtəhsil məktəblərinin 12-16 yaşlı şagirdləridir.
Dekabrın 17-də “Olimpiya hərəkatı”proqramının Azərbaycan Milli Olimpiya Komitəsində keçirilən təqdimat məpasimi xüsusi hazırlanmış videoçarxın nümayişi ilə başlanıb.

Sonra MOK-un marketinq departamentinin rəhbəri Mehman Kərimov proqram barədə məlumat verib. Bildirib ki, bu proqram Beynəlxalq Olimpiya Komitəsi (BOK), Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman, Təhsil nazirlikləri, Olimpiya oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti tərəfindən birgə həyata keçirilir. Layihə idmanın dörd növünü – basketbol 3x3, velosiped, atletika və badmintonu əhatə edir. “Olimpiya hərəkatı” proqramı ölkəmizdə uşaqların idmana daha geniş cəlb olunması, idmanın, xüsusən də həmin dörd növün kütləviləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Məktəbdaxili yarışlarla başlayan proqram Bakı şəhərinin rayonları üzrə birinciliklərlə davam edəcək. Proqram gələn ilin əvvəlində “Bakı-2015” ilk Avropa Oyunlarında yarışların keçirildiyi obyektlərin birində təşkil olunacaq final və idman festivalı ilə başa çatacaq.

Təqdimat mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə respublikamızda idmana göstərilən dövlət qayğısından danışıb, Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını diqqətə çatdırıb. Vitse-prezident vurğulayıb ki, 2015-ci il təkcə Azərbaycanın deyil, dünyanın idman tarixinə qızıl hərflərlə yazılıb. İlk Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkili və bu çoxnövlü idman yarışının standartlarının ölkəmizdə müəyyənləşdirilməsi bizi çox sevindirir. “Bakı-2015”in özündən sonra buraxdığı irs uşaqların idmana cəlb olunmasında mühüm rol oynayır. Bakı oyunlarından sonra yeniyetmələr arasında idmana meylin daha da gücləndiyini qeyd edən çıxışçı bildirdi ki, belə bir halda idman təşkilatlarının, idman nazirliyinin, Milli Olimpiya Komitəsinin əsas vəzifəsi bu meyli istiqamətləndirmək, ona müvafiq yanaşma tərzi tapmaqdır. Bunun üçün hazırda təqdim olunan proqram bu məsələdə bizə yaxından kömək edəcək. Təbii ki, idman federasiyaları da bu prosesə fəal dəstək verirlər. “Olimpiya hərəkatı” proqramı Azərbaycanda uşaqların idmana cəlb olunması və onların asudə vaxtının səmərəli təşkilinə mühüm töhfə verəcək. Azərbaycanda uşaq idmanının inkişaf etdirilməsi üçün biz bu proqramdan maksimum istifadə etməliyikdeyən Ç.Hüseynzadə proqrama, ilk növbədə, niyə məhz həmin 4 idman növünün salınmasının səbəbini açıqlayıb. Bildirib ki, atletika, badminton, basketboll, velosiped idmanı ilə məşğul olmaq üçün xüsusi zallar, təşkilatı tədbirlər bir o qədər də əhəmiyyət daşımır. Uşaqların bu oyunlarla açıq havada, yaşayış yerlərindəki idman meydançalarında gündəlik məşğul olmaq imkanıları var. Digər tərəfdən, bu növlər ümumfiziki hazırlıq kimi, bütün idman növlərinin məşq proseslərində əhəmiyyətli rol oynayır.

Olimpiya çempionlarımızı proqrama dəstək olmağa çağıran Çingiz Hüseynzadə 12-16 yaşlı uşaqların yarışında onların iştirakının vacibliyini vurğulayıb. O, tədbirdə iştirak edən olimpiya çempionlarına müraciət edərək deyib: «Sizin hər hansı kiçik məktəb yarışında iştirakınız, uşaqların çıxışlarını izləməyiniz onlarda yüksək ovqat yaradacaq, mübarizlik ruhunu artıracaq».

Çingiz Hüseynzadə çıxışının sonunda onu da əlavə edib ki, bu proqram bir il üçün nəzərdə tutulmayb, gələcəkdə təkcə Bakını deyil, bölgələrimizi də əhatə edən uzunmüddətlə proqramlar da həyata keçiriləcək.

Gənclər və idman naziri Azad Rəhimov çıxışında 2015-ci ilin Azərbaycan idmanı üçün əlamətdar olduğunu vurğulayaraq bildirib ki, Bakının birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi, həmçinin idmançılarımızın qazandıqları medalların sayının artması ölkəmizin mühüm uğurudur. İl ərzində atletlərimiz olimpiya və qeyri-olimpiya idman növləri üzrə 820-dən çox medal qazanıblar. Bu, ötənilki göstəricidən yüksəkdir. Çıxışçı qeyd edib ki, Azərbaycanda idman infrastrukturu təkcə paytaxtda deyil, regionlarda da inkişaf etdirilir. Hazırda bölgələrdə fəaliyyət göstərən 41 olimpiya idman kompleksində uşaqlar sərbəst şəkildə idmanla məşğul olurlar. Həmçinin regionlarda uşaqlar arasında zona yarışları da təşkil olunur ki, bu da idmanın kütləviləşdirilməsinə xidmət edir. Nazir proqrama münasibətini belə bildirdi: «Bu proqram bizim üçün çox vacibdir. Bu, məktəblilər arasında gələcəyin olimpiya çemptonlarının axtarışıdır. Biz bu proqramın əhəmiyyətini iki cəhətdən qiymətləndiririk: bir tərəfdən, bu, uşaqlarımızın sağlam, fiziki cəhətdən kamil böyüməsi, digər tərəfdən, onların arsından idman nailiyətlərimizin davmçılarının yetişdirilməsi sahəsində atılan mühüm addımdır. Nazir fikrini belə yekunlaşdırıb: «Bildiyiniz kimi, gələcəyin olimpiyaçıları məktəblərdə yetişir».

A.Rəhimov Azərbaycanda yüksək səviyyəli idmançıların yetişdirilməsi üçün kifayət qədər yetərli idman infrastrukturunun olmasını, son illər 41 olimpiya idman kompelsinin fəaliyyətə başlamısını ölkəmizin idman uğurlarının əsas təməli adlandırıb: «Bu komplekslərin qapıları uşaqların üzünə həmişə açıqdır, orada gənclərimiz pulsuz olaraq idmanla məşğul olurlar».

Nazir Bakıda keçirilən böyük idman yarışlarının əhəmiyətindən bəhs edərkən dedi:
- Biz bu yarışları Azərbaycanda təşkil etməklə və orada qazandıqlarımız uğurlarla bu və ya digər idman növünü təbliğ edirik. Mənim yaxşı yadımdadır, Bakıda bədii gimnastika üzrə dünya çempionatından və bu çempionatda komandamızın 3-cü yerə çıxmasından bir gün sonra bütün gimnastika məktəblərinin qarşısında uşuqlarını gimnastikaya yazdırmaq istəyən valideynlərin böyük növbələri yarandı.

Nazir çıxışında Azərbaycanda idmana böyük dəstək verən «Koka kola» şirkətinin nümunəsində ölkəmizdə fəaliyyət göstərən bütün şirkətlərin rəhbərlərinə təşəkkurünü bildirib.

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda idmanın kütləviləşdirilməsinin və sağlam həyat tərzinin təbliğinin əsas məqsədlərdən olduğunu diqqətə çatdırıb. Bildirib ki, idman sağlamlıq, sosiallaşma və uşaqların şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Gələcəyin olimpiya çempionları hazırda məktəblərdə oxuyurlar. Bu gün ölkəmizdə bütün orta təhsil müəssisələrində güclü idman infrastrukturu mövcuddur. Layihənin əhəmiyyətindən danışan nazir “Olimpiya hərəkatı” proqramına salınan idman növlərinin sayının gələcəkdə artırılacağını diqqətə çatdırıb. Vurğulayıb ki, növbəti tədris ilindən olimpiya və qeyri-olimpiya idman növləri üzrə bölmələr məktəblərdə də fəaliyyət göstərəcək. Bunun üçün orta təhsil müəssisələrində yetərli infrastruktur var. Nazir idmançıların hazırlığında, onların idman karyerasının inkişafında ciddi problem yaradan bir məsələyə də toxunub:

- İdman nailiyyəti yüksək olan ölkələrin aparıcı təhsil sistemlərində uşaqların idmandakı fəaliyyəti ilə onların akademik təhsili arasında ziddiyyət yaratmayan bir istiqamət formalaşıb. Bu gün bizdə orta məktəbin sonuncu sinfində oxuyan perspektivli idmançılar gələcək talelərini müəyyən etmək üçün çox vaxt çətin bir durum qarşısında qalırlar. Ali məktəbə daxil olmaq istəyən idmançı ya idman, ya ali məktəb seçimi ilə üzləşir. Biz bu sahədə dünyanın aparıcı təhsil sistemlərindəki təcrübəni öyrənməli və tətbiq etməliyik.

“Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Cem Becel proqramın əhəmiyyətindən danışıb, ölkəmizdə idmanın kütləviləşdirilməsi istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib. O, təmsil etdiyi şirkətin “Olimpiya hərəkatı” proqramına fəal dəstək verəcəyinə əminlik ifadə edib.

Sonra proqramın “ulduz idmançı”ları seçilib. Nazim Babayev - atletika, Amil Həmzəyev - basketbol 3x3, Aqşin İsmayılov - velosiped, Orxan Qələndərov badminton üzrə “ulduz idmançı” seçiliblər.

Sonda milli olimpiya səfirləri - olimpiya çempionu Fərid Mansurov və əməkdar artist Tünzalə Ağayeva mükafatlandırılıblar.

Tədbirin sonunda jurnalistlərin sualları cavablandırılıb.
Ə.FƏRƏCOV.

Xəbər 878 dəfə oxundu.