«Rio-2016»: Yaşıl meydanların kralları iş başında
VI yazı

Lisenziyalar necə qazanılır?

Rio-2016 Yay Olimpiya Oyunlarının ən maraqlı yarışları komanda idman növlərindəki mübarizə olacaq. Bu yarışlar təkcə iştirakçı sayının çoxluğu ilə deyil, həm də kütləviliyi təmin etməsi ilə fərqlənir. Olimpiadaya doğru komandaların keçdiyi yollar da hər bir komanda növündə özünəməxsusdur. Olimpiadanın təsnifat yarışlarının 6-cı məqaləsinin mövzusunu açıq sahələrə həsr edib, yaşıl meydanlarda keçən növlərdəki vəziyyəti təsvir edəcəyik.

Futbol

Qarşıdakı seçmələr – kişilər və qadınlar: yanvar-mart 2016 (Qitələr üzrə olimpiya təsnifat turnirləri və çempionatlar)

FİFA ilə razılaşdırılmış qaydaya əsasən, kişilərin futbol turnirində 23 yaşadək (1993-cü il yanvarın 1-dən sonra anadan olanlar) futbolçular iştirak edir. Bu heyətə yalnız 3 daha yaşlı futbolçu cəlb oluna bilər.

Avqustun 3-də start götürəcək futbol yarışlarında qadınların final matçı avqustun 19-u, kişilərin həlledici görüşü isə ertəsi gün keçiriləcək.

Kişilərin yarışına seçilən 16 komanda qitə prinsipi ilə müəyyən olunur. Ev sahibi Braziliyadan savayı, turnirə bu il iyunun 17-dən 30-dək Çexiyada keçirilmiş 21 yaşadək futbolçuların Avropa çempionatının yarımfinalçıları Danimarka, İsveç, Almaniya və Portuqaliya vəsiqə qazanıblar. Onlardan savayı, Afrikadan Əlcəzair, Nigeriya və CAR, Şimali və Mərkəzi Amerikadan Honduras və Meksika, Cənubi Amerikadan Argentina, Okeaniyadan Fici vəsiqə əldə ediblər. Asiyanın 3 iştirakçısı 23-yaşlıların qitə çempionatından sonra məlum olacaq. Daha bir qalib isə Amerika qitəsi üzrə martın 21-29-da ABŞ və Kolumbiya arasında keçiriləcək ev-səfər prinsipli səfər oyununda məlum olacaq.

12 komandanın mübarizə aparacağı qadın turnirində ev sahibi Braziliya ilə yanaşı, Dünya kubokundan Fransa və Almaniya vəsiqə qazanıblar. Avropanın daha bir komandası olimpiya təsnifat turnirindən sonra məlum olacaq. Martın 2-dən 9-dək Niderlandda ev sahibləri ilə yanaşı, Norveç, İsveç və İsveçrə də mübarizə aparacaqlar. Qalib komanda da Rioya yollanacaq. Digər qitələrə gəlincə, Asiya, Şimali Amerika və Okeaniyada seçmə yarış hələ keçiriləcək. Afrikadan CAR və Zimbabve, Cənubi Amerikadan Kolumbiya vəsiqə əldə ediblər.

Olimpiya futbol turniri Rioda («Marakana», 74.738, «Olimpiku Joau Avelanj», 60.000), Belu Orizontedə («Qovernador Maqalyaeş Pintu», 58.170), Braziliada («Nasyonal Mane Qarrinça», 69.349), Salvadorda («İtaypava Arena Fonte Nova», 51.900), San Pauluda («Arena Korintians», 48.234) və Manausda («Arena da Amazonya», 40.549) keçiriləcək.
Kişilərin turnirində 288, qadınlarda 216, cəmi 504 futbolçu Rioda olimpiyaçı statusu alacaq.

Otüstü hokkey

Seçmə mərhələ başa çatıb

24 komandanın (12 qadın və 12 kişi) Deodorudakı Olimpiya hokkey mərkəzində yarışacağı olimpiya turniri avqustun 7-dən 20-dək keçiriləcək. Hər iki turnirin bütün iştirakçıları məlumdur. Ev sahibinin hər iki millisi bu növdə həddən artıq zəif olduğundan, beynəlxalq federasiya onlara minimal seçmə tələblərindən keçməyi təklif edib. Bunun üçün onlar ya beynəlxalq reytinqdə müəyyən edilmiş yeri tutmalı, ya da Panamerika Oyunlarında ilk 6 komanda sırasında yer almalı idilər. Kişi yığması bu tələbi ödəsə də, qadınlar doğma divarlar arasında olimpiyaçı olmaq fürsətini qaçırıblar. Son təsnifat yarışları Afrikada keçirilib. CAR-ın Randeburq şəhərində təşkil edilmiş yarışda hər iki kateqoriyada ev sahibləri 1-ci olublar. Lakin onların imtina edəcəyi gözlənilir və bu halda beynəlxalq, Afrika və CAR federasiyalarının Beynəlxalq Olimpiya Komitəsi ilə razılaşmasına əsasən, bu hüquq 2014-15-ci illər mövsümündə Dünya Liqasının yarımfinalçısı kimi ən yuxarı reytinqə malik olan komandalara – qadınlarda İspaniyaya, kişilərdə Yeni Zelandiyaya veriləcək.

Olimpiya turnirinin iştirakçı siyahısı isə belədir:kişilərdə - Braziliya, Hindistan (Asiya Oyunları-2014-ün qalibi), Argentina (Panamerika Oyunları-2015-in qalibi), Niderland (Avropa çempionu-2015, yarış 2015-ci il avqustun 21-dən 29-dək Londonda keçirilib), Avstraliya (Okeaniya kuboku-2015-in qalibi), Almaniya, Belçika, Böyük Britaniya, Kanada, İspaniya və İrlandiya (qitə çempionları istisna olmaqla, qalanlar arasında Dünya Liqası-2014/15-in ən yaxşıları); qadınlarda – Koreya Respublikası (Asiya oyunları-2014-ün qalibi), ABŞ (Panamerikan Oyunları-2015-in qalibi), Böyük Britaniya (Avropa çempionu-2015, yarış 2015-ci il avqustun 22-dən 30-dək Londonda keçirilib), Avstraliya (Okeaniya kuboku-2015-in qalibi), Niderland, Çin, Almaniya, Argentina, Yeni Zelandiya, Hindistan və Yaponiya (qitə çempionları istisna olmaqla, qalanlar arasında Dünya Liqası-2014/15-in ən yaxşıları).

Turnirdə cəmi 384 (hər kateqoriya üzrə) 192 hokkeyçi iştirak edəcək.

Reqbi-7

Qarşıdakı seçmələr – kişilər: 18-19 iyun 2016. Monako (olimpiya təsnifat turniri); qadınlar: 25-26 iyun 2016. Dublin, İrlandiya (olimpiya təsnifat turniri)

Ev sahibi Braziliya ilə yanaşı, 2014-15-ci illərin Dünya Seriyasından Fici, CAR, Yeni Zelandiya, Böyük Britaniya, Cənubi Amerikadan Argentina, Şimali Amerikadan ABŞ, Asiyadan Yaponiya, Okeaniyadan Avstraliya, Afrikadan Keniya vəsiqə qazanıblar. Avropa çempionatı 2015-ci il iyunun 6-dan iyulun 12-dək Rusiya, Fransa və İngiltərənin iştirakı ilə keçirilib və Fransa qalib gəlib. Təsnifat turnirinin detalları sonra bəlli olacaq. Yarışda Kanada, Çili, Almaniya, Honq Konq, İrlandiya, Mərakeş, Meksika, Rusiya, Samoa, Koreya Respublikası, İspaniya, Şri Lanka, Tonqa, Tunis, Uruqvay və Zimbabve iştirak edəcəklər. Qalib olimpiyaçı olacaq.

Qadınların turnirində ev sahibi ilə yanaşı, 2014-15-ci illərin Dünya Seriyasından Yeni Zelandiya, Kanada, Avstraliya, Böyük Britaniya, Cənubi Amerikadan Kolumbiya, Şimali Amerikadan ABŞ, Afrikadan CAR, Asiyadan Yaponiya, Okeaniyadan Fici lisenziya əldə ediblər. Avropa çempionatı 2015-ci il iyunun 13-dən 21-dək Fransa və Rusiyanın ev sahibliyi ilə keçirilib. Fransa, qalib kimi, olimpiya turinirinə yollanmaq hüququ qazanıb. İrlandiya paytaxtı Dublində keçiriləcək təsnifat turnirinə ev sahibi ilə yanaşı, Argentina, Venesuela, Meksika, Trinidad və Tobaqo, Rusiya, İspaniya, Portuqaliya, Keniya, Tunis, Zimbabve, Samoa, Kuk adaları, Qazaxıstan, Çin və Honq Konq. Qalib olimpiadaya yollanacaq.

Olimpiadada 24 komanda (12 kişi və 12 qadın) mübarizə aparacaq. Avqustun 6-dan 8-dək qadınlar, 9-dan 11-dək kişilər olimpiya mükafatçılarının adlarını bəlli edəcəklər. Matçların «Joau Avelanj» stadionunda keçirilməsi nəzərdə tutulur. Yarışda hər kateqoriya üzrə 144 nəfər olmaqla, 288 idmançı yarışacaq.

BATI YAR

Xəbər 1100 dəfə oxundu.