“Qəbələ”dən 12 qələbə
“Qəbələ” Futbol Akademiyasının komandaları AFFA-nın yeniyetmə futbolçular arasında təşkil etdiyi liqalarda növbəti oyunlarını keçirib. Komandalarımız müxtəlif yaş qruplarında 12 qarşılaşmada qüvvəsini sınayıb. Bu matçların hamısında qalib gələn futbolçularımız 12 qələbə qazanıb.

U-19 komandamız ili başa vurub. I dövrənin son oyunlarında “qırmızı-qaralar” səfərdə “İnter”i 3:1, evdə “Neftçi” İB-i 3:2 hesabı ilə məğlub edib. Bu qələbədən sonra xal hesabını 28-ə çatdıran “qırmızı-qaralar” qış fasiləsinə lider kimi yollanıb. U-17 səfərdə “Zirə”ni 4:1 hesabı ilə məğlub edib. 11 turdan sonra 30 xalla yarışın vahid lideri olan “Qəbələ” növbəti turda “Sumqayıt”ın qonağı olacaq. U-16 səfərdə AZAL-ı 6:0, öz meydanında “Neftçi” İK İB-i 7:3 hesabı ilə məğlub edib. 11 matçda 33 xal toplayan “Qəbələ” çempionatın lideridir. Komandamız növbəti turda “Xəzər Lənkəran”ın qonağı olacaq. U-15 ardıcıl qələbələrinin sayını 17-yə çatdırıb. “Neftçi” İK İB-i 1, “Rəvan”ı 12 cavabsız qolla məğlub edən “Qəbələ” 51 xalla yarışın lideridir. Komandamız ilin son oyununda “Turan” İB-i qəbul edəcək.

Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 “Zirə”ni 6 cavabsız qolla məğlub edib. “Qırmızı-qaralar” 11 oyundan sonra 26 xal toplayaraq, qış fasiləsinə 2-ci pillədə yollanıb. Eyni zonada çıxış edən U-13 9 oyunda 18 xal yığaraq 4-cü pillədə qərarlaşıb.
U-12, U-11 və U-10 komandalarımızın çıxış etdiyi Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında IX turun oyunları keçirilib. Yevlax UGİM-i ilə qarşılaşan U-12 7:0 hesabı ilə qalib gəlib. “Qırmızı-qaralar” 8 oyunda 22 xal toplayaraq 1-ci yerdə qərarlaşıb. U-11 Liqasında 8-ci qələbəsini qazanan “Qəbələ” bu dəfə Yevlax UGİM “Rabitəçi”sini 20 cavabsız qolla keçib. Komandamız 24 xalla çempionatının lideridir. Klubumuzun U-10 komandası Qəbələ UGİM-ini 7:1 hesabı ilə məğlub edib. 9 matçda 27 xal qazanan “qırmızı-qaralar” yarışın lideridir. U-19 Qızlar Liqasında çıxış edən “Qəbələ” 8-ci oyununda “Təhsil”ə qalib gəlib – 3:1

Xəbər 675 dəfə oxundu.