Şahin Diniyev: “Kubok oyunundan fərqlənəcək bir matç olacaq”
Topaz Premyer Liqasının XIIV turunda “Xəzər Lənkəran”ın qonağı olacaq “Kəpəz”i cənub səfərində çətin oyun gözləyir. Komandalar cari futbol ilində artıq iki dəfə qarşılaşıblar. Premyer Liqanın ilk dövrəsində Gəncədə keçirilən oyunda “sarı-göylər” 1:0 hesabı ilə qələbə qazanmışdı. Azərbaycan kubokunun 1/8 final mərhələsində isə rəqib eyni hesablı qələbə ilə tur adladı. Bu səbəbdən tərəflərin sayca 3-cü dueli maraqla gözlənilir. Qarşıdakı oyun öncəsi “Kəpəz”in baş məşqçisi Şahin Diniyev görüşlə bağlı fikirlərini kapazpfc.az saytına bölüşüb: “Kubok oyunundan fərqlənəcək bir matç olacaq. Futbol ciddiliyi sevir, bu mənada kubok matçını ciddiyə almadıq. Həm də ki, zədəli və yorğun futbolçularımız vardı. Əsas heyətin üç üzvünə istirahət vermişdik, düzdü, fasilədən sonra heyəti gücləndirsək də, uduzduq. Bununla belə, uduzmamalıydıq. Kubokdan əlimizi üzdükdən sonra bütün gücümüzü çempionata yönəltmişik. Avropa Liqasına düşmək üçün çox çalışmalıyıq. Vəziyyət o qədər də asan deyil. Bütün oyunlar bizim üçün çətin keçir. Çalışacağıq ki, son iki turda uğurlu nəticə qazanaq. İlk növbədə Lənkəranda istəyimizə nail olmalıyıq”.

Xəbər 688 dəfə oxundu.