“Azəryol” klubu CEV kuboku yarışlarının dörddəbir final mərhələsinə yüksəlib
Dekabrın 16-da Bakının qadınlardan ibarət “Azəryol” komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının səkkizdəbir final mərhələsində cavab oyununa çıxıb.

Azərbaycan Voleybol Mərkəzində təşkil olunan görüşdə komandamız Finlandiyanın “Salo” klubunu qəbul edib.

Türkiyəli baş hakim Cihat Fırıncıoğlunun idarə etdiyi oyunun ilk setində Finlandiya təmsilçisi 25:21 hesabı ilə üstün olub. “Azəryol” ikinci seti öz xeyrinə başa vurub – 25:10. Görüşün üçüncü setində “Salo” klubu hesabda önə çıxıb - 25:23. Dördüncü setdə “Azəryol” klubu hesabı yenidən bərabərləşdirib - 25:21. Qarşılaşmanın qalibi tay-brekdə müəyyənləşib və “Azəryol” komandası 15:11 hesabı ilə qələbə qazanıb.

Beləliklə, görüş “Azəryol” klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında Finlandiyada keçirilən ilk oyunda Bakı təmsilçisi 3:0 hesabı ilə qalib gəmişdi. İki görüşün nəticəsinə görə, “Azəryol” klubu CEV kuboku yarışlarının dörddəbir final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, təmsilçimiz turnirin onaltıdabir final mərhələsində Rumıniyanın “Tarqoviste” klubunu yarışdan kənarlaşdırmışdı.

Xəbər 692 dəfə oxundu.