Xüsusi Olimpiya Komitəsinin hesabat-seçki yığıncağı keçirildi
Dekabrın 12-də Xüsusi Olimpiya Komitəsinin hesabat-seçki yığıncağı təşkil edildi. Komitənin prezidenti Şahin Əliyev 2011-2015-ci illər üçün hesabat məruzəsi ilə çıxış etdi. O, ötən illər ərzində, əsasən, yay və payız mövsümləri üzrə müxtəlif növlər üzrə seçmə xarakterli yarışların, eləcə də, özəl günlərə həsr edilmiş turnirlərin təşkil edildiyini diqqətə çatdırdı.

XOK-un prezidenti ötən 4 il ərzində xüsusi olimpiyaçıların əldə etdikləri nailiyyətlər barədə məlumat verdi:

2011-ci il iyunun 20-də Yunanıstanın paytaxtı Afina şəhərində keçirilmiş ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında 4 idman növü üzrə təmsil olunmuş Azərbaycan yığması, ümumi nəticəyə görə, 4 qızıl, 5 gümüş və 5 bürünc medal əldə etmişdir. 2012-ci il aprelin 12-dən 16-na qədər Sloveniya paytaxtında Xüsusi Olimpiya proqramına uyğun olaraq, stolüstü tennis üzrə Avropa turnirində isə yığma komandamız 2 qızıl, 2 gümüş, 1 bürünc medala yiyələnmişdir. Qeyd edim ki, komandanı yarışlara şəhər tennis məktəbinin ekspertis, Xüsusi Olimpiya Komitəsinin baş məşqçisi Qulu Quliyev hazırlamışdır.

2012-ci il iyulun 15-dən 19-na qədər İsveçin Hötenburq şəhərində yeniyetmələrin iştirakı ilə dünyanın GOTHİA CUP adlı ən böyük beynəlxalq futbol turniri keçirilmişdir. Bu turnir, eyni zamanda, qeyri-rəsmi yeniyetmələrin Dünya kuboku adlanır. 2012-ci ildən başlayaraq, burada həm də əqli imkanları məhdud olan futbolçular iştirak edirlər. 13 nəfərdən ibarət yığmamız bu mötəbər yarışın ən güclü B qrupunda birinci yerə layiq görülmüşdür.

2013-cü il yanvarın 25-dən fevralın 7-nə qədər Koreyanın Pyeinq Chanq şəhərində keçirilmiş ümumdünya Xüsusi Qış Olimpiya Oyunlarında hokkeyçilərimiz gümüş medala layiq görülmüşlər. 2013-cü ildə daha bir yarışda - Türkiyənin İstanbul şəhərində kişilər arasında basketbol və voleybol üzrə Avropa çempionatında xüsusi olimpiyaçılarımız uğura imza atmışlar. Belə ki, voleybol yığmamız II güclü divizionda çempionatın qızıl, basketbolçularımız isə II güclü divizionda gümüş medallara layiq görülmüşlər.

2014-cü il sentyabrın 9-dan 21-dək Belçikada keçirilmiş Avropa Xüsusi Yay Oyunlarında idmançılarımız atletika, badminton, basketbol, cüdo, stolüstü tennis, üzgüçülk növlərində qüvvələrini sınamış, Vətənə 8 qızıl, 8 gümüş, 4 bürünc medalla qayıtmışlar.

Başa çatmaqda olan 2015-ci il də uğurla dolu il olmuşdur. ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində iyulun 21-dən avqustun 3-nə qədər davam edən ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında atletika, üzgüçülük, stolüstü tennis, badminton, cüdo, pauerliftinq üzrə güclərini sınamış atletlərimiz, ümumilikdə, 24 medal - 8 qızıl, 11 gümüş və 5 bürünc əldə etmişlər.

XOK-un prezidenti ötən illər ərzində sağlamlıq imkanları məhdud olan uşaqların idman vasitəsilə inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğını qeyd etdi. Bu uşaqların cəmiyyətə inteqrasiyası, onların öz imkan və bacarıqlarını inkişaf etdirmələri üçün həyata keçirilən layihələrdən danışdı. UNİCEF-in dəstəyi ilə regional proqramların təsis olunduğunu və bir sıra bölgələrdə bu proqram vasitəsilə uşaqların məşqələlərə cəlb edildiyini, gələcəkdə bu layihələrin öz miqyasını daha da genişləndirəcəyini bildirdi. Şahin Əliyev bu uşaqların bərpa və inteqrasiyasına böyük fayda verən UNİFİED-dan (birləşmiş idman) da söz açdı. Qeyd etdi ki, basketbol, voleybol, futbol və həndbol üzrə keçirilən bu cür yarışlarda əqli imkanları məhdud uşaqlarla birgə sağlam uşaqlar da qüvvələrini sınayırlar. Əqli qüsurlu uşaqlar sağlam uşaqlarla bərabər mübarizə apardıqları zaman özlərinə inamı artır ki, bu da cəmiyyətə inteqrasiya üçün geniş imkanlar açır.

Xüsusi Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Milli Məclisin deputatı Fazil Mustafa bu qəbildən olan insanlara cəmiyyət tərəfindən həssas münasibətin vacib olduğunu vurğuladı. Sağlamlıq imkanları məhdud uşaqlara digər vətəndaşlarla bərabər imkanlar yaradılmasının onların bərpasını və cəmiyyətə inteqrasiyasını sürətləndirəcəyini qeyd etdi.

Hesabat-seçki yığıncağında təşkilati məsələlərə baxıldı.

Şahin Əliyev yenidən Xüsusi Olimpiya Komitəsinin prezidenti seçildi.

İclasda cari məsələlər müzakirə olundu.

Xəbər 961 dəfə oxundu.