Hacı Əliyev beynəlxalq reytinq cədvəlində liderliyini davam etdirir
Dünya Güləş Birliyi 2015-ci ilin noyabrında keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni beynəlxalq reytinq siyahısını açıqlayıb.

Azərbaycanın 13 sərbəst güləşçisi reytinq siyahısında yer alıb. Ötən ay Bakıda keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsində sərbəst güləşçilərimizin qazandığı 3 qızıl, 4 gümüş və 4 bürünc medal idmançıların reytinq siyahısındakı mövqelərinə də təsir göstərib.

Dünya çempionatında qızıl medal qazanmaqla, sərbəst güləş tariximizdə ilk ikiqat dünya çempionu adına sahib olan Hacı Əliyev (61 kq) “Qızıl Qran-pri” turnirini də qalib tamamlamaqla öz çəki dərəcəsində birinciliyini qoruyub. Dünya çempionatının gümüş medalçısı Cəmaləddin Məhəmmədov (125 kq) “Qızıl Qran-pri” turnirində də analoji nəticəni göstərib və reytinqdə ikinciliyini qoruyub. Mövqeyini dəyişməyən daha bir Azərbaycan güləşçisi Olimpiadanın ikiqat bürünc medalçısı, dünya və üçqat Avropa çempionu Xetaq Qazyumovdur (97 kq). O, reytinqdə 3-cü yerdə qərarlaşıb.

Olimpiya çempionları Toğrul Əsgərov (65 kq) və Şərif Şərifov (97 kq) isə müvafiq olaraq bir pillə irəliləyiblər. “Qızıl Qran-pri” turnirinin gümüş mükafatını qazanan təmsilçilərimiz 4-cü və 6-cı yerə yüksəliblər.

Xəbər 735 dəfə oxundu.