Soçi Olimpiadasına könüllülər toplanır

Soçidə keçiriləcək Olimpiya oyunları üçün fevralın 7-də başlanan könüllülərin kütləvi yığımı ərəfəsində “Soçi-2014” Təşkilat Komitəsi “VolonTur” reklam-informasiya tədbirinə başlamışdır. Rusiya KİV-ləri xəbər verir ki, 2012-ci ilin sonunadək vol.sochi2014.com portalına 200 min nəfərədək adam cəlb etmək planlaşdırılır.
Könüllülərin cəlb edilməsi məqsədilə bannerlərin yerləşdirilməsi, sosial şəbəkələrdə iş aparılması və könüllülük ideyalarını yaymaq üçün başqa metodlardan istifadə edilməsi planlaşdırılır. Olimpiada-2014-ün təşkilatçıları Rusiyanın 14 regionunda Olimpiya və Paralimpiya oyunlarının könüllülüyünə “ideal” namizədlər kollajları ilə reklam yerləşdirmək niyyətindədirlər. Kampaniya aktiv həyat mövqeyi olan insanlara, ən əvəl 2014-cü il oyunlarının açılışı vaxtı 18 yaşı tamam olan gənclərə yönəldilmişdir. Reklam kampaniyasından məqsəd parlaq yumoristik priyomlardan istifadə edərək könüllülərin işindən söhbət açmaqdır.
“Soçi-2014” Olimpiya oyunlarının Təşkilat Komitəsinin prezidenti Dmitri Çernışenko qeyd etmişdir ki, Soçidə keçiriləcək olimpiadada könüllü kimi iştirak etmək şansı “həyatda bir dəfə olur”. Çernışenko demişdir: “Ora gələn könüllülər nəinki sadəcə gözəl geyim forması əldə edəcək, həm də pərəstiş etdikləri idmançıları görə biləcək, onlara azarkeşlik edəcəklər. Müsabiqə ilə seçilmiş yaxşıların yaxşıları böyük tarixi hadisədə iştirak edəcək və bu hadisə həmişəlik onların yaddaşına həkk olunacaqdır”.
Soçidə Olimpiadanın keçirilməsində təqribən 25 min könüllü iştirak edəcəkdir. Onlar aeroportda nümayəndə heyətlərinin qarşılanmasından tutmuş olimpiadanın bağlanışı mərasiminin təşkilinə kömək göstərilməsinədək ən müxtəlif sahələrdə işləyəcəklər. Bundan başqa, Soçi şəhərində hazırlıq keçmiş təqribən 3 min könüllü Olimpiadaya gələn qonaqların obyektlər arasında yerdəyişməsinə kömək göstərəcək, onların qonaqpərvərliklə və dostcasına qarşılanmasını təmin edəcəklər. Bütövlükdə Olimpiya oyunları işçilərinin təqribən 35 faizi könüllülərin payına düşəcəkdir. Könüllü yığımı müsabiqə ilə seçilmiş Rusiyanın tədris müəssisələri əsasında yaradılmış 26 könüllü mərkəzi vasitəsilə həyata keçiriləcəkdir.

AzərTAc

Xəbər 1287 dəfə oxundu.