Hacı Hacıyev: “Belə mütəxəssislər işsiz qalmamalıdırlar” - MÜSAHİBƏ
Rusiyalı futbol mütəxəssisi Hacı Hacıyev azerisport.az-a müsahibəsində vaxtilə onun rəhbərliyi altında “Anji”də oynamış Mahir Şükürovdan, birgə çalışdığı Vaqif Sadıqovdan, eləcə də Azərbaycan futbolundan danışıb. İdman.com.az saytının məlumatına görə, o, Antalyada keçirilən “Neftçi” – “Terek” oyunundan sonra verdiyimiz ilk sualı cavablandırmaq istəmədi.

- Öncə Mahir Şükürovdan danışaq: o, sizin vaxtınızda niyə “Anji”də özünü göstərə bilmədi?
- Gəlin Mahir Şükürovdan danışmayaq. Bizim daha vacib məsələlərimiz var. Məni düz başa düşün. Mahir “Anji”də pis oynamırdı. Amma sonradan çox şey dəyişdi: həm o, həm də mən komandadan ayrılmalı olduq.

- Sizin gedişinizdən sonra həmçinin özünüzə köməkçi apardığınız Vaqif Sadıqov da Mahaçqala klubundan ayrılmalı oldu…
- Bundan da xəbərim var. Yeni baş məşqçi gəldiyi üçün, Sadıqov da ordan ayrıldı. O, çox yaxşı mütəxəssisdir, müasirdir, ünsiyyətcildir. Fikrimcə, belə mütəxəssislər Azərbaycan futboluna lazımdır.

- Sizcə, bizim futbolçular niyə Rusiyada özlərini göstərə bilmirlər? Çünki Mahirin ardınca Vaqif Cavadov da “Volqa”dan ayrıldı…
- Bunu mən özüm də bilmirəm. Çoxlu amillər var. Komandadakı yerini itirməməyə çalışmaq, çoxlu məşq etmək lazımdır. Mən deməzdim ki, sizinkilərin Rusiyadakı karyerası alınmır. Bizim klublara baxın: hamısında müxtəlif ölkələrdən olan çoxlu legionerlər var. Belə bir rəqabət içində özünə yer etmək üçün çox işləməlisən.

- Yeri gəlmişkən, Sadıqovdan öncə Şahin Diniyev də “Terek”də çalışmışdı. Amma onların hər ikisi indi işsizdi…
- Maraqlıdı, niyə Sadıqovla Diniyev ölkədə özlərinə iş tapa bilmirlər? Belə mütəxəssislər işsiz qalmamalıdırlar. Başa düşürəm ki, futbolunuz inkişaf edir. Mənə elə gəlir ki, siz heç də düz yolla getmirsiz. Sizin ən güclü klublarınızın büdcəsi nə qədərdir?

- Təxmini informasiyalara görə, 15-20 milyon dollar…
- Rusiyada belə büdcəyə malik klublar ortabablardan hesab olunur. Şübhəsiz ki, bu məbləğ avrokuboklarda uğur qazanmaq üçün yetərli deyil. Əgər belədisə, deməli, gənc futbolçuların yetişdirilməsinə ehtiyac var. Bu yol sizin futbolunuza fayda verə bilər. Nəinki indiki kimi legionerlərə ümid bəsləməklə. Bu sözləri eyni zamanda yerli məşqçilərə də aid etmək olar.

Xəbər 1009 dəfə oxundu.