Şahmat üzrə “ACP Masters” turniri keçirilir
Xəbər verdiyimiz kimi, İsrailin Aşdod şəhərində Şahmat Peşəkarları Assosiasiyası tərəfindən təşkil olunan sürətli şahmat üzrə “ACP Masters” turniri keçirilir.

Turnirdə dünyanın 8 ölkəsindən 12 qrossmeyster iştirak edir.

Moskva komandasının lideri Yan Nepomnyaşşi və yerli qrossmeyster Boris Gelfand 5 mümkün xaldan 3,5-ni toplayaraq “A” qrupunda birinci və ikinci yerləri bölüşüblər. Qədir Hüseynov bu qrupda rusiyalı Dmitri Yakovenko ilə 3 və 4-cü yerləri bölüşüb. “B” qrupundan finala ukraynalı Vasili İvançuk və fransız Etyen Bakro çıxıb. Onlar müvafiq olaraq 3,5 və 3 xal toplayıblar.

Play-offda dörd iştirakçı - Boris Gelfand və Etyen Bakro, Vasili İvançuk və Yan Nepomnyaşşi qarşılaşacaq. Onlar dekabrın 9-da yarımfinal matçında iki sürətli partiya oynayacaq, qalib müəyyən edilmədiyi halda tay-breyk oynayacaqlar.

Dekabrın 9-da yarımfinallar (iki partiya rapid, bərabər hesabla blits və “armaqeddon”), 10-da isə final (4 partiya rapid və lazım gələrsə, tay-breyk) keçiriləcək.

Xəbər 796 dəfə oxundu.