Kişi taekvondoçulardan ibarət yığma komandamız dünya kubokuna sahib olub
Meksikanın paytaxtı Mexikoda milli komandalar arasında taekvondo üzrə dünya kuboku yarışlarında Azərbaycan yığması uğurla çıxış edib. Dünya Taekvondo Federasiyası (DTF) tərəfindən təşkil edilən yarışda kişilərdən ibarət yığma komandamız kuboka sahib olub.

Yığma komandamızın baş məşqçisi Reza Mehmandosut və böyük məşqçi Elnur Amanovun yetirmələrindən Məhəmməd Məmmədov, Ayxan Tağızadə, Sina Bahrami, Səid Quliyev, Milad Beigi Hərçəqani və Radik İsaev ilk görüşünü Belçika yığma komandasına qarşı keçiriblər. Qarşılaşmada milli komandamız 57:31 hesabı ilə qalib gəlib. Növbəti döyüşdə də millimiz Özbəkistan komandasına şans verməyib – 31:11. Yarımfinala adlayan yığmamız Koreya Respublikasının komandası ilə görüşdə 48:30 hesablı qələbə qazanaraq finala yüksəlib. Final döyüşündə güclü İran millisi ilə qarşılaşan komandamız rəqib üzərində inamlı qələbə qazanaraq (42:23) dünya kubokuna sahib çıxıb. Koreya Respublikası və Rusiya yığmaları isə bürünc medala layiq görülüblər.

Baş məşqçi Reza Mehmandosut yarışın ən yaxşı məşqçisi, Milad Beigi Hərçəqani isə ən yaxşı kişi taekvondoçu seçilib.

Azərbaycanın Taekvondo Federasiyasının (ATF) milli komandalara nəzarət üzrə vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi altında çıxış edən komandamız dekabrın 14-də Vətənə dönəcək.

Xəbər 775 dəfə oxundu.