Tayson Fyuri IBF versiyasında dünya çempionu adından məhrum edilib
Super ağır çəkidə üç versiya üzrə dünya çempionu britaniyalı boksçu Tayson Fyuri bu adların birindən məhrum edilib.

Beynəlxalq Boks Federasiyası Tayson Fyurini Vladimir Kliçko ilə döyüş nəticəsində qazandığı tituldan məhrum edib. Buna səbəb onun titula mütləq namizəd Vyaçeslav Qlazkovla döyüşdən imtina etməsi olub.

Tayson Fyuri Vladimir Kliçkonu xal hesabı ilə məğlub edərək Beynəlxalq Boks Federasiyası (IBF), Dünya Boks Təşkilatı (WBO) və Dünya Boks Assosiasiyası (WBA) versiyaları üzrə çempion olub. Müqavilədə mütləq revanş döyüşü barədə bənd var. Lakin IBF Fyurini Qlazkovla döyüşdən imtina edəcəyi təqdirdə çempion kəmərindən məhrum olunacağını bildirib. Fyuri isə bu şərti qəbul etməyərək, Kliçko ilə yenidən döyüşmək istədiyini deyib. Hazırda onun komandası İBF-ə apelyasiya şikayəti vermək istəyir.

Xatırladaq ki, Tayson Fyuri indiyədək heç bir döyüşdə məğlub olmayıb və keçirdiyi 25 döyüşün 18-də nokautla qələbə qazanıb. Vyaçeslav Qlazkov da, hələ ki, rinqi məğlubiyyətlə tərk etməyib: onun hesabında 13-ü nokaut olmaqla 21 qələbə və bir bərabərlik var.

Xəbər 722 dəfə oxundu.