Fuad Cəfərovun xatirəsinə həsr olunan şahmat festivalı davam edir
Respublika Şahmat Mərkəzinin ilk direktoru, tanınmış məşqçi Fuad Cəfərovun xatirəsinə həsr olunan şahmat festivalı davam edir.

Respublika Şahmat Mərkəzində keçirilən festival açıq (B), uşaq (C), rapid (D) və blits (E) turnirlərindən ibarətdir.

Festivalda 84 zəka sahibinin mübarizə apardığı uşaq turnirində 5 turdan sonra iki şahmatçı liderlik edir. Səbinə Rzalı və Zaur Hacıyev hərəyə 4,5 xal toplayaraq ilk pillələrdə qərarlaşıblar. Nihad Mustafayev, Murad Qurbanov, Mətin Salamov, Həsən Əhmədli, Polad Salmanov, Əli Zuqanov, Fikrət Mustafazadə və Həsənpaşa Səlimli isə liderlərdən yarım xal geri qalırlar.

Yetmiş bir şahmatçının iştirak etdiyi açıq turnirdə isə üçüncü turun oyunları yekunlaşıb. Yüz faizlik nəticəni Samir Davidov, Elvin Bayramov, Fariz Əhmədov, Zaur Bayramov və Andrey Mustafin toplayıblar. Yeddi şahmatçının aktivində isə 2,5 xal var.

İsveçrə sistemi üzrə 7 turdan ibarət keçirilən rapid turniri artıq başa çatıb. Bu turnirdə 72 şahmatçı mübarizə aparıb. Yeddi turdan sonra Nail Bəşirli, Xəyalə Abdulla və Rəşad Zeynallı hərəyə 6 xal toplayaraq 1-3-cü yerləri bölüşdürüblər. Nail Bəşirli əlavə göstəricilərə görə yarışın qalibi adını qazanıb.

Fuad Cəfərov memorialına dekabrın 13-də yekun vurulacaq.

Xəbər 727 dəfə oxundu.