“Gənc atletlər” proqramı layihəsi çərçivəsində seminar keçirildi
Şərqi Avropa ölkələri xüsusi Olimpiya komitələrinin nümayəndələrinin iştiraki ilə Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Gənc atletlər” proqramı layihəsi çərçivəsində seminar keçirildi. Seminarda Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev və idarə heyətinin üzvü Leyla Qurbanova da iştirak edirdilər. Şərqi Avropa regionunu əhatə edəcək “Gənc atletlər” proqramına həsr olunan seminarın ilk günü “Biz indi hardayıq?”, “Hara gedirik?”, “Gənc atletlər” proqramının yeni strateji planda rolu mövzularında müzakirələr aparıldı. Sonra “Gənc atletlər” proqramının modellərinin cəmiyyət, məktəb və ailədə tətbiqi yollarından danışıldı.

Seminar çərçivəsində “Gənc atletlər” proqramının Gurcüstan və Litvada vəziyyəti, görülən işlərin geniş təqdimatı oldu. Sonra “Gənc atletlər” proqramının modeli ilə bağlı “Dəyirmi masa” keçirildi. “Dəyirmi masa” iştirakçıları bu proqramla bağlı fikirlərini bölüşdülər, bir sıra təkliflər irəli sürdülər. Seminarda proqram çərçivəsində hansı yeniliklərin tətbiq edilməsi ilə bağlı da müzakirələr aparıldı. İdmançı, ailə və gənclərin proqrama cəlb edilməsi yollarının araşdırılması da seminarın əsas mövzularından idi. Seminarda daha sonra mini futbol yarışları nümayiş etdirildi, və bundan sonra müzakirələr aparıldı. “Gənc atletlər” proqramının yeni fəaliyyət sahələrinə aid daha bir “Dəyirmi masa” keçirildi.

Seminarda Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev Azərbaycanda “Gənc atletlər” proqramı çərçivəsində görülən işlərlə bağlı məlumat verdi. Xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyasını və cəmiyyətə adaptasiyasını həyata keçirməyin əsas məqsədlərdən biri olduğunu vurğulayan Ş. Əliyev qeyd etdi ki, proqram çərçivəsində nəzərdə tutulan bütün işlər planlı şəkildə həyata keçirilir. O, gənc atletlərin gələcəyi ilə bağlı həyata keçirilən tədbirlərdən danışdı, onlara göstərilən diqqətdən bəhs etdi.

Axırda gənc atletlərin gələcəyi ilə bağlı geniş müzakirələr aparıldı.

Xəbər 897 dəfə oxundu.