Topaz Premyer Liqası, XV tura yekun vuruldu
Topaz Premyer Liqasının XV turuna bu gün keçirilən “Rəvan” – AZAL oyunu ilə yekun vuruldu. Matçda hesab açılmadı.

Bəhmən Həsənov (“Rəvan”ın baş məşqçisi): “Çox pis oynadıq və bunun səbəbləri var. Mən futbolçuları qınamıram. Açığı, AZAL ilə oyunu çoxdan gözləyirdik, qələbə qazanmaq istəyirdik. Qələbə şansını dəyərləndirə bilməməyimiz zədəli futbolçuların çoxluğu ilə bağlıdır. Sıx qrafikdə oynayırıq və futbolçuları bərpa etmək çox çətindir. İlk dəqiqələrdə rəqibin yaxşı şansı vardı, oyunu 1 xalla başa vurduğumuza da sevinməliyik. Qarşıda hələ çox oyunlarımız var, sonuncu pillədən qurtulmaq üçün çalışacağıq”.

Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “Son pillədə qərarlaşan komandalar mübarizə apardılar. Bizim medallara iddiamız artıq yoxdur. İndi mümkün qədər çox xal toplamalıyıq. Futbolçulardan hücum futbolu tələb etmişdim, oyunçulardan razıyam. Oyunun gedişində edilən məcburi əvəzləmələr də işimizin məzmununa böyük təsir göstərmədi. Səfərdə qazanılan 1 xal da qızıla bərabərdir. Meydançada nə baş verirsə, bu, futbolçular arasında olur. “Sumqayıt”la oyunda rəqibin baş məşqçisi mənim futbolçuma qarşı təhqiramiz söz işlətdi. Bu gün isə “Rəvan”ın məşqçisi Toğrulun futbolçum Tagimin üstünə qışqırması məni özümdən çıxardı. Çalışıram ki, belə adamlara həmişə yerini göstərim”.

Xəbər 663 dəfə oxundu.