Azərbaycan cüdoçusu Elmar Qasımov Yaponiyadan bürünc medalla dönür
Tokioda keçirilən cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turnirinin üçüncü günü Azərbaycan milli komandası üçün uğurlu olub.

Turnirdə 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov bürünc medala sahib olub.

E.Qasımov ilk görüşündə tatami sahibi Aaron Volfu məğlub edib. Növbəti qarşılaşmalarda cüdoçumuz almaniyalı Dino Pfeyffer və kubalı Joz Armenter üzərində qələbə qazanıb. Yarımfinalda o, yaponiyalı dünya çempionu Haqa Rinosukeyə uduzaraq bürünc medal uğrunda mübarizəyə qoşulub. Üçüncü yer uğrunda görüşdə E.Qasımov Qazaxıstan təmsilçisi Maksim Rakova qalib gələrək “Böyük dəbilqə”nin bürünc medalını qazanıb.

Digər təmsilçimiz Elxan Məmmədov (100 kq) isə ilk görüşdə məğlub olaraq mükafatçılar sırasına düşə bilməyib.

Beləliklə, yarışa cəmi iki cüdoçu ilə qatılan yığma komandamız Yaponiyada medal sevinci yaşamağı bacarıb.


Xəbər 753 dəfə oxundu.