“Neftçi” – “Zirə” oyununda sülh qeydə alındı
Topaz Premyer Liqasının XV turunda keçirilən “Neftçi” – “Zirə” görüşündə qalib müəyyənləşmədi – 1-1.

Əsgər Abdullayev (“Neftçi”nin baş məşqçisi): “Faciədə həlak olanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm. Oyuna gəldikdə, əlbəttə ki, qələbə qazanmaq istəyirdik. Amma nəticə istədiyimiz kimi alınmadı və 1 xalla kifayətlənməli olduq. Qol buraxmayan, məğlub olmayan komanda yoxdur. Bu gün qol buraxdıq və bu bizə imkan yaradacaq ki, səhvlərimizi araşdırıb aradan qaldıraq. Kubokda qazanılan qələbə bizi rahatlaşdıra bilməz. Nə etmişik ki rahatlaşaq? “Neftçi” adına layiq olan yerdə deyil. Bu komanda üçün həmişə 2-ci, 3-cü yerlər faciə, 1-ci pillə isə adi hal kimi qəbul olunub”.

Adil Şükürov (“Zirə”nin baş məşqçisi): “Məlum faciədə həlak olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Digər tərəfdən biz gözləyirdik ki, ağır oyun olacaq. “Neftçi”yə qarşı oynamaq həmişə çətindir. Sevinirəm ki, “Neftçi” ilə oyuna yaxşı motivasiya olduq və 1 xal qazandıq. Qazanılan xala görə komandaya, “Zirə”dən gəlib bizi dəstəklədiklərinə görə azarkeşlərə təşəkkür edirəm”.


Xəbər 678 dəfə oxundu.