Güləş yığmalarımızın Ankara səfəri
Fevralın 10-da Türkiyə paytaxtında bu ölkənin tanınmış pəhləvanı Yaşar Doğunun xatirəsinə sərbəst və qadın güləşçiləri arasında 40-cı beynəlxalq turnir start götürəcək. İdman.com.az saytının xəbərinə görə, yarışda sərbəst və qadın güləşi üzrə milli komandalarımız iştirak edəcəklər.

3 gün davam edəcək rəqabətdə Azərbaycanla yanaşı, Türkiyə, ABŞ, Monqolustan, Cənubi Afrika, Almaniya, Moldova, Yaponiya, Kanada, İran, Gürcüstan, Slovakiya, Bolqarıstan, Qazaxıstan, Polşa və Litva pəhləvanları mübarizə aparacqlar.

Sərbəst güləşçilərimiz yarışa baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi ilə qatılacaq. Heyətdə Mahmud Məhəmmədov, Qalib Əliyev (hər ikisi - 55 kq), Toğrul Əsgərov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Çamsulvara Çamsulvarayev (84 kq), Xetaq Qazyumov, Şərif Şərifov (96 kq) və Cəmaləddin Məhəmmədov (120 kq) yer alıblar.

Marziget Baqomedova, Kəmalə Əliyeva (48 kq), Anjela Doroqan (51 kq), Yarina Dubovska (55 kq), İrina Netreba (63 kq), Zümrüd Qurbanhacıyeva və Natalya Palamarçukun (72 kq) şans aldığı qadın güləşi üzrə yığmamıza məşqçilər Mehman Nəcəfov və Həsrət Məmmədyarov rəhbərlik edəcəklər.

Xəbər 1140 dəfə oxundu.