Dünya və Avropa çempionları Akademik Zərifə Əliyeva adına Liseydə olublar
Dekabrın 3-də Akademik Zərifə Əliyeva adına Liseydə şagirdlərlə idmançılar arasında görüş keçirilib.

Görüşdə yunan-Roma güləşi üzrə dünya və Olimpiya çempionu Fərid Mansurov, dünya çempionu, “Bakı-2015” birinci Avropa Oyunlarının qalibi və bir neçə gün əvvəl Portuqaliyada 6-cı dəfə Avropa çempionu olan paralimpiya cüdoçumuz İlham Zəkiyev, gimnast Marina Durunda iştirak ediblər.

Liseyin direktoru Mehriban Vəliyeva Azərbaycanda idmanın inkişafından söz açıb. O, idmançıların ilk Avropa Oyunlarındakı nailiyyətlərindən danışıb.

Görüşdə iştirak edən idmançıların ən mötəbər yarışlarda Azərbaycanı ləyaqətlə təmsil edərək keçirdikləri görüşlərindən bəhs edən qısa metrajlı film nümayiş olunub. Həmçinin tədbir iştirakçılarına şagirdlərin Avropa Oyunları ilə bağlı hazırladığı videoçarx təqdim edilib. Avropa Oyunlarında istifadə olunan məşəl haqda şagirdlər məlumatlandırılıb.

Görüş zamanı çıxış edən idmançılardan Fərid Mansurov və İlham Zəkiyev ölkə başçısı İlham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində respublikamızda idmanın davamlı inkişafı nəticəsində yüksək nəticələrin əldə olunduğunu diqqətə çatdırıblar. Onlar Akademik Zərifə Əliyeva adına Liseydə şagirdlərin idmanla məşğul olmaları üçün yaradılmış şəraitdən məmnun olduqlarını qeyd ediblər.

Daha sonra liseyin şagirdlərinin sualları cavablandırılıb.

İdmançılar tədbirdən razı qaldıqlarını və belə görüşlərin keçirilməsinin idmanın inkişafına müsbət təsir göstərəcəyini vurğulayıblar.

Xəbər 705 dəfə oxundu.