Lisenziya turniri başa çatıb

Bakıda A.Antipovun xatirəsinə həsr olunmuş tullanmalar üzrə lisenziya xarakterli IV beynəlxalq atletika turnir başa çatıb. Böyüklər və yeniyetmələr arasında iki gün davam etmiş yarışlarda Azərbaycan idmançıları ilə yanaşı, Rusiya (Moskva),Yakutiya (Saxa) və Gürcüstan atletləri uzunluğa tullanma (kişilər, qızlar, oğlanlar), üçtəkanla tullanma (kişilər), yakut tullanmaları (qızlar, oğlanlar) üzrə mübarizə aparıblar.
Kişilər arasında keçirilən üçtəkanla tullanma üzrə ən yaxşı nəticəni Moskva idmançısı Maksim Şakko (16,28 metr) göstərib. Uzunluğa tullanma üzrə kişilər arasında Yevgeni Antonov (7,42 metr), qızlar arasında Mədinə Ramazanova (5,00 metr, Dağıstan), oğlanlar arasında isə Orxan Aslanov (6,48 metr, AZƏRBAYCAN) birinci yeri tutub.
Yakut tullanmaları 3 növ üzrə keçirilib. Yekun nəticələrə görə, 3 növün cəmində kişilər arasında Maksim Şakko (85 metr 88 sm, Moskva), qızlar arasında Yekaterina Sarıyeva (64 metr 31 sm, AZƏRBAYCAN),oğlanlarda İvan Alekseev (75 metr 9 sm) qalib olub.
Yakut tullanmaları üzrə oğlanlar arasında mübarizə aparan təmsilçimiz Orxan Aslanovu birinci yerdən cüzi fərq ayırıb (74 metr 87 sm).
Yığma komandamızın aparıcı idmançısı, Olimpiya ümidimiz Murad İbadullayev üçtəkanla tullanma üzrə, cəmi 15 metr 96 sm (II yer) nəticə göstərib. Bu idmançımız üçün o qədər də qənaətbəxş deyil. Digər perspektivli atletimiz Teymur Abbasov isə 15 metr 89 sm (üçtəkanla tullanma, III yer) nəticə ilə yarışı başa vurub.

Leyla Qurbanova

Xəbər 1217 dəfə oxundu.