Azərbaycan Kuboku, “Xəzər Lənkəran” növbəti mərhələdə
Heyət baxımından ciddi problem yaşayan “Xəzər Lənkəran” buna rəğmən Azərbaycan Kubokunun ¼ final mərhələsinə adladı. Cənub klubu 1/8 final mərhələdə “Kəpəz”i 1-0 hesabı ilə üstələdi.

Şahin Diniyev (“Kəpəz”in baş məşqçisi): “Oyun gərgin keçdi, meydançada mübarizə var idi. Daha çox istəkli olan qələbə qazandı. Sanki, oyunun əvvəlində bizdə müəyyən rahatlıq vardı. Düzdür, oyundan öncə futbolçularla bu barədə danışmışdım, amma, təəssüf ki, yenə həmin arxayınlıq yarandı. Düzdür, oyunu demək olar ki, hücumda keçirdik. Amma nəticədə biz məğlub olduq və bundan sonra bütün gücümüzü çempionata qoyacağıq. “Xəzər Lənkəran”ı təbrik edirəm. Durumları yaxşı olmasa da, yaxşı futbol oynayıb qələbə qazandılar”.

Yunis Hüseynov (“Xəzər Lənkəran”ın baş məşqçisi): “Gərgin oyun alındı. Qələbə qazanmağı çox istəyirdik. Kubokda qazanacağımız uğur bizim üçün stimul olacaqdı. Futbolçuları təbrik edirəm, 90 dəqiqə mübarizə apardılar. Bu gün gənc futbolçuların hesabına oynadıq, zədəli oyunçularımız çoxdur. Bəli, biz oyun baxımından çox yaxşı işlər görmədik, amma döyüşdük”.

Xəbər 637 dəfə oxundu.