Azərbaycan Kuboku, “Zirə” AZAL-dan güclü oldu
Azərbaycan Kubokunun 1/8 final mərhələsi “Zirə” üçün uğurlu alındı. Bu mərhələdə AZAL-ı 2-1 hesabı ilə üstələyən “Zirə” növbəti mərhələyə vəsiqə qazandı.

Adil Şükürov (“Zirə”nin baş məşqçisi): “Oyun düşündüyümüzdən daha çətin keçdi. AZAL oyundan oyuna daha yaxşı təsir bağışlayır. Qalib gəlib, yolumuza davam etdiyimiz üçün çox sevinirəm. Gücümüz çatdığı qədər irəli getməyə çalışacağıq”.

Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “İlk növbədə “Zirə”ni təbrik edirəm. Maraqlı oyun alındı, komandamın sərgilədiyi futboldan zövq aldım. Qeyd etməliyəm ki, zədəli futbolçularımız çoxdur. Düşünürəm ki, öz səhvlərimizdən qollar buraxdıq. Lakin azlıqda qalmağımıza baxmayaraq, qol vurmağımız məni sevindirdi. Oyunu unudub, çempionata köklənməliyik. Çünki bizi qarşıda 4 çətin oyun gözləyir. Bu oyundakı səhvləri qarşıdakı görüşlərdə təkrarlamamağa çalışacağıq.

Oyun vaxtı futbolçu rəqibinə dirsək vurursa, üstünlük prinsipi mənim nəyimə lazımdır? Gəncədə Fariz Yusifov istədiyini elədi, oyundankənar vəziyyətdən bizə qol vurdular. Mən oyundan öncə hakimə deyirəm ki, qaydalar nə tələb edirsə, elə edin. Misal üçün “Sumqayıt”la oyunda qapımıza penalti verdilər, etiraz etmədim”.

Xəbər 634 dəfə oxundu.