Sözün və ümidin tükəndiyi yerdə möcüzə axtarılır

Axırıncı tura doğru

Futbol klublarımızın Avropa liqasındakı mübarizəsi finiş xəttinə çatır. Qrupdakı son tur, son görüşlər axırıncı şübhələrə də nöqtə qoymalı, suallara (əgər varsa) aydınlıq gətirməlidir. Elə ona görə bu tura sözün tükəndhiyi yer deyirik. Yekunu yalnız qrup yarışı başa çatdıqdan sonra vurmaq lazımdır. Bu mərhələ ilə bağlı daha sualımız qalmayıb. Yalnız bəzi faktları yenidən sadalaya bilərik ki, buna da çox ehtiyac görmürük. Ötən turun qeyd edə biləcəyimiz məqamlarını isə sadalamağa dəyər.

Başlayaq artıq şansı nəzəri cəhətdən də tükənmiş «Qəbələ»ylə. Baş məşqçinin ideyaları kimi ya özü də tükənib, ya da artıq nə edəcəyini də bilmir. Onun Ukraynaya dönüş söz-söhbətlərinin bitməsinin təsiridirmi bu yeniləşmə ehtiyacı, yoxsa, Azərbaycan futboluna builki Avroliqanın vida hədiyyəsi – anlamaq olmur. Bəlkə də nə o, nə də bu, sadəcə, məşqçi yanlış yoldan dönməyə və nəhayət, bir işlə məşğul olmağa qərar verib. Axı, onun öz futbolçu bazası ilə Azərbaycanda at oynada bilməyəcəyi aşkar olandan sonra, sabit futbol məkanında öz yoluna davam etməsi üçün uğurlara ehtiyac var. Bunun yolu isə kubok və çempionat zəfərindən keçə bilər.

Qısası, axır ki, son oyunda olsa belə, Azərbaycan futbolunun nümayəndələrini də gördük. Məşqçi insafa gəlib, hətta ehtiyatdan da yerli futbolçuya fürsət verdi. Demək istəməzdim ki, onların gəlişi ilə komandanın oyununda dönüş oldu- əsla! Meydanda dövrələrarası hazırlıq mərhələsinə xas əsl yoldaşlıq görüşünü müşahidə edirdik. Ona görə dövrələrarası ki, komandaların hazırlığında bir o qədərə də çiylik yox idi. Bununla belə, az-çox məzmun göstərən epizodlarda məhz yerli futbolçuların marağı, istəyi hiss olunurdu.

«Qarabağ» - əsas ümid yerimiz, öz batdığı palçıqda vurnuxmaqdan, çabalamaqdan başqa bir şey bilmir. Yəqin, klub rəhbərliyi bu məqamda tribunalarda azalan azarkeş sayının səbəbini müşahidə edib. Bu məsələni burada nöqtələyək.

Çox güman, baş məşqnçi ona tövsiyələri, istiqamətverici gücü ilə həmdərd, həmrəy olacaq əcnəbi yardımçıya ehtiyacı aşkar hiss edir. Yerli futbolçuların niyə yerində saydığını o, fiziki təmrinlərin sanbalının az olmağında görə bilərsə, qalanını Avropa təcrübəsinin çatışmazlığının səbəblərində axtarmalıdır. Buna görə baş məşqçi artıq rotasiyalarda da səhvə yol verməyə başlayıb. Taktiki, funksional məsələləri də bir kənara qoysaq, artıq futbolçuların da yerində saydığını görürük. Hərçənd «Qarabağ»ın zəif oynqadığını söyləyə bilmərik: komandamız İngiltərə Premyerliqasında deyil, istənilən böyük beşlik ölkəsində aslarla baş çıxara biləcək bir rəqiblə az qala ayaqlaşırdı. Bu, ümid üçün bəs edir. Amma elə bu oyunda komandamızın ona sinə gərmək üçün bir «son nəfəs yürüşü» nümayiş etdirməməsinin səbəbləri də üzür. Bəzi çiy məqamlar əsas əngələ çevrilib və klub rəhbərliyi, məşqçi korpusu bunu çözə bilərdi – bunu biz əvvəldən görürdüksə, onlar öz mətbəxində daha yaxşı sezməli və çözməli idilər. Belə yerdə isə bir şans qalır: sözün və ümidin tükəndiyi yerdə yalnız möcüzənin köməyinə inanılır. Əslində, burada hələlik möcüzəlik heç nə yoxdur: Qurban Qurbanovun bəzi hallarda tam yerinədüşər planlarını az görmədiyimdən, buna güvənirəm.

Əlbəttə, hər necə olsa da, bu il də yalnız «Qarabağ» bizə futbol ümidi verdi. Futbolumuz yenə də bu klubun çiyinlərində sabaha dikilən gözlərə işıq verir.

BATI YAR

“İdman” qəzeti






Xəbər 785 dəfə oxundu.