Taekvondo üzrə yığma komandamız Meksikada Qran-pri turnirində və dünya kubokunda mübarizə aparacaq
Kişilərdən ibarət taekvondo üzrə Azərbaycan yığma komandası dekabrın 1-də Meksikaya yola düşəcək. Məqsəd Meksikanın paytaxtı Mexiko şəhərində keçiriləcək Qran-pri turnirinin final mərhələsində və dünya kubokunda çıxış etməkdir.

Moskva şəhərində startı verilən Qran-pri ardıcıl olaraq Türkiyənin Samsun, Böyük Britaniyanın Mançester şəhərlərində davam edib. Mexiko şəhərində isə turnirə yekun vurulacaq.

Dekabrın 5-6-da keçiriləcək Qran-pri turnirində Azərbaycanı milli komandanın bir üzvü təmsil edəcək. 80 kiloqramdan yuxarı çəki dərəcəsində Radik İsayev yarışın final mərhələsinə vəsiqəni təmin etdiyi üçün mübarizəyə qatılacaq.

Dekabrın 8-9-da Dünya Taekvondo Federasiyası (DTK) tərəfindən təşkil ediləcək dünya kubokuna baş məşqçi Reza Mehmandoustun və böyük məşqçi Elnur Amanovun yetirmələrindən Milad Beigi Harçeqani, Səid Quliyev, Ayxan Tağızadə, Sina Bahrami, Məhəmməd Məmmədov və Radik İsayev qatılacaq.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Mexikoya yollanacaq komandamız dekabrın 13-də Vətənə dönəcək.

Xəbər 731 dəfə oxundu.