“Atom” əvəz üçün “Rabitə”yə gözəl fürsət verdi
Qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının 1/8 final mərhələsində “Rabitə” ilə qarşılaşacaq “Atom” klubunun Bakıya tam heyətlə gəlməsi sual altına düşüb. İdman.com.az saytının məlumatına görə, maliyyə böhranı içərisində çabalayan Polşa təmsilçisinin 2 voleybolçusu maaşlarını almayanadək meydana çıxmayacaqlarını bəyan ediblər.

Belə ki, almaniyalı Koriana Ssusçk-Voiqt və Marqareta Kozuç Polşa çempionatının son turundan etiraz aksiyasına başlayıblar. Onlar “Palac”la oyunda görüşü kənardan izləyiblər və meydana çıxmaqdan imtina ediblər. “Atom” isə bu görüşdə çətinliklə 3:2 (23:25, 25:19, 25:16, 23:25, 15:10) hesabı ilə qalib gəlib.

Hazırda klub rəhbərliyini qayğılandıran əsas məsələ bu voleybolçuları fevralın 9-da Bakıda keçiriləcək oyuna gətirməkdir. Çünki onların paytaxtımıza gəlməsi də sual altına düşüb.
Qeyd edək ki, “Rabitə” ilə oyun ərəfəsində maliyyə çətinlikləri səbəbindən, türkiyəli Nəriman Özsoy və ispaniyalı Amaranta Fernandes “Atom”dan ayrılıblar.

Xəbər 1180 dəfə oxundu.