Nəsimi rayonunda “Açıq əyləncəli futbol məktəbi” layihəsi həyata keçirilib
Hazırda Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğı nəticəsində paytaxt Bakı, eləcə də digər şəhər və rayonlarımız mötəbər beynəlxalq turnirlərə ev sahibliyi edir, yeniyetmə və gənc idmançılarımız mühüm uğurlar qazanırlar. “Bakı-2015” birinci Avropa Oyunlarının keçirilməsinin Azərbaycana həvalə edilməsi beynəlxalq idman ictimaiyyətinin ölkəmizdə görülən işlərə, o cümlədən bədən tərbiyəsi və idman sahəsində qazanılan nailiyyətlərə verdiyi yüksək qiymətdir. Bu mühüm idman tədbirinə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin yürütdüyü idman siyasətinin təntənəsidir.

Azərbaycanda inkişaf edən idman növlərindən biri də futboldur. Prezident İlham Əliyevin 2005-ci il 10 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” müasir Azərbaycan futbolunun inkişaf tarixində yeni mərhələnin əsasını qoyub. Dövlətimiz tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin nəticəsi kimi, onların perspektivlərinin, fiziki cəhətdən sağlam və mənalı asudə həyat tərzinin inkişaf etdirilməsi həmişə diqqət mərkəzində saxlanılır və gəncliyin önündə yeni üfüqlər açır.

Bu məqsədlə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən Nəsimi rayonu ərazisində yerləşən bir qrup məktəbin şagirdlərindən ibarət futbol komandalarının iştirakı ilə “Açıq əyləncəli futbol məktəbi” layihəsi həyata keçirilib. Dünyanın 32 ölkəsində reallaşdırılan “Açıq əyləncəli futbol məktəbi” layihəsi çərçivəsində 150-dən çox məktəbli gəncə futbol ləvazimatları hədiyyə edilib.

Nəsimi rayonu ərazisindəki 54 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Milli Məclisin deputatları - YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı, AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev, həmçinin həmin təhsil müəssisəsinin direktoru Sahibə Abbasova iştirak ediblər.

Xəbər 856 dəfə oxundu.