Bu gün Topaz Premyer Liqasının XIV turu çərçivəsində iki oyun keçiriləcək
Noyabrın 28-də futbol üzrə Topaz Premyer Liqasında iki qarşılaşma keçiriləcək.

“AZAL Arena”da keçiriləcək günün ilk matçında AZAL və “Sumqayıt” komandaları qarşılaşacaq. AZAL indiyədək öz meydanında keçirdiyi qarşılaşmalarda “Sumqayıt”a məğlub olmayıb. Samir Abasovun rəhbərlik etdiyi komanda bu görüşdən qalib ayrılacağı təqdirdə “Neftçi” ilə xal fərqini birə endirəcək. AZAL isə üç xal sayəsində “Sumqayıt”la xallarını eyniləşdirəcək.

“Zirə” isə “Xəzər Lənkəran” ilə münasibətlərinə aydınlıq gətirəcək. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq oyundan meydan sahibləri qalib ayrılacağı təqdirdə ilk üçlükdə qərarlaşacaq. Komandalar cəmi bir dəfə üz-üzə gəliblər. Həmin görüşdən də cənub təmsilçisi minimal hesablı məğlubiyyətlə ayrılıb. Sonuncu pillələrdə yer alan “Xəzər Lənkəran” qələbə sayəsində mövqeyini bir pillə yaxşılaşdıra bilər. Bunun üçün AZAL – “Sumqayıt” görüşündə qonaqlar xal itirməlidir.

Xəbər 690 dəfə oxundu.